Fransa prezidentliyinə namizədlər arasında baş tutan debatda Makron Le Penə qarşı sərt ittihamlar irəli sürüb. İki saat yarım davam edən debatda Fransa prezidentliyinə namizədlər Avropa Birliyi, pensiyalar və enerji məsələləri daxil, bir çox mövzunu müzakirə ediblər.
Debatın pik nöqtəsi isə Makronun Le Peni Rusiyadan maaş almaqda ittiham etməsi olub.
Makron Le Penin Kremlə yaxın bankdan aldığı kreditə görə Putindən asılı olduğunu və ona görə də Fransanın maraqlarını müdafiə edə bilmədiyini deyib: “Siz Rusiya ilə danışanda xarici liderlə danışmırsız, öz bankirinizlə danışırsınız”.
Daha sonra Makron Le Penin 2014-cu ildə Krımın işğalını pisləmədiyini, 2015-ci ildə isə Rusiya bankından kredit aldığını bildirib.
Makron Le Penin partiyasının Avropa parlamentində Rusiyaya qarşı yeni sanksiyaları müdafiə etmədiyinə işarə edərək deyib: "Vacib və cəsarətli addımların atılmasına ehtiyac olanda siz yoxsunuz... Siz Fransanın maraqlarını müdafiə edə bilməzsiniz, çünki sizin maraqlarınız Rusiyaya bağlıdır”.
Cavabında Le Pen azad qadın olduğunu deyib və bildirib ki, Rusiya bankından ona görə kredit görürüb ki, heç bir Fransa bankı ona kredit verməyib.
Göründüyü kimi, Fransa prezidenti öz alternativinə separatizmə, başqasının ərazisini işğal faktına göz yumduğuna, bununla bağlı həqiqətləri söyləmədiyinə görə ciddi irad tutur. Ancaq özü uzun illərdi ki, ermənilərin Qarabağla bağlı bənzər iddialarını müdafiə edir. Bu yanaşmanı nə dərəcədə məntiqli saymaq olar?
Ana Vətən Partiyasının sədr müavini Arzuman Abdulkərimov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Fransa erməni diasporunun ən güclü olduğu ölkələrdəndir: “Hazırda Fransa öz həlledici məqamını yaşayır. Ölkəyə rəhbərlik edəcək şəxsi seçmək üçün fransızlar ikini dəfə sandıq başına gedəcəklər. Buna görə də namizədlər hər zaman erməni elektoratın səsini almağa çalışır.
Fransada keçirilən prezident seçkisinin birinci turunun nəticələri erməni diasporu və lobbisinin ictimai-siyasi proseslərə təsir imkanlarının xeyli dərəcədə zəif olduğunu göstərdi. Belə olmasaydı, qatı ermənipərəst olan Makronu elə birinci turda prezident seçərdilər. Bu baxımdan da Makronun ermənilərlə bağlı həqiqətləri söyləməməsi elektoratla bağlı olan məsələdir. Alternativi sizin dediyiniz sualı ona ünvanlaya bilərdi. Ancaq ermənilərin nüfuzunu nəzərə aldığı üçün belə sualla ona müraciət etmir. Bütün bunlar bir daha Avropanın bizə olan ikili yanaşmasından da xəbər verir. Hiss edilir ki, Makron Cənubi Qafqazda fəal siyasət yürütməyə çalışır. Makron administrasiyasının bəzi yanlış addımları olsa da, son hadisələr göstərir ki, rəsmi Paris artıq regionda formalaşmış yeni reallıqları adekvat qiymətləndirməyə və bu reallıqlara uyğun siyasət yürütməyə çalışır. Brüssel danışıqlarını buna misal göstərə bilərik. Vasitəçilik edən Şarl Mişel həm də Fransanın dövlət rəsmisidir”.
Məhəmmədəli QƏRİBLİ