Məlum olduğu kimi, Azərbaycan üçün keçmişdə mövcud olan “Dağlıq Qarabağ” münaqişəsi tam həll edilmiş sayılır. Çox təəssüf ki, bəzi beynəlxalq və rəsmi dairələr, diplomatlar hələ də “Dağlıq Qarabağ münaqişəsi” terminini işlədirlər.
Bununla yanaşı, buraxılmış və fəaliyyətini dayandırmış Minsk Qrupu həmsədrləri formatından danışır, həmin təsisatın təcrübəsindən istifadənin zəruriliyinə diqqət çəkirlər. Təbiidir ki, bütün bunlar Azərbaycanın rəsmi mövqeyinə uyğun deyil. Hələ də bu terminlərdən istifadə edənlərlə bağlı hansısa tədbirlərin görülməsi, onların adlarının arzuolunmaz şəxs kimi siyahıya salınması mümkündürmü ? Məsələn, Rusiyada qanun qəbul ediblər ki, Ukraynadakı hadisələri müharibə adlandırmaq cinayətdir, Fransada saxta erməni “soyqırımını” inkar edənlərə qarşı cinayət təqibi nəzərdə tutulurdu. Biz necə, dövlət siyasətimizə zidd olan terminləri işlədən əcnəbi dairələrə və diplomatlara müəyyən qınayacı sanksiyalar tətbiq edə bilərikmi?
Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev “Bakı-Xəbər” ə açıqlamasında bildirdi ki, belə ifadələr təsadüfən səslənmir və Ermənistanın yürütdüyü siyasətə tam adekvatdır: “Münaqişənin güya mövcud olması ilə bağlı rəy yaradırlar ki, sülh sazişini imzalamaqdan boyun qaçırsınlar. Ermənilərin apardığı siyasətə bəzi beynəlxalq dairələr sizin dediyiniz ifadələri işlətməklə dəstək ola bilirlər. Biz Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı məsələni konkret qoymalıyıq. Bunun üçün Laçın dəhlizinə tam nəzarətimizi bərpa etməliyik. Görürsünüz ki, Qarabağda hər hansı işləri aparan kimi Rusiyanın təzyiqi ilə üzləşməli oluruq. Bizim həmin ifadələri işlədən ölkələrə təzyiq rıçsqlarımız güclü deyil. Buna görə də, onların münasibətini dəyişməyə nail olmalıyıq. Hansısa ölkəyə və ya onun diplomatına sanksiya tətbiq etmək ciddi effekt verən deyil. Bunun üçün biz yanaşmanı dəyişməliyik. Ölkənin daxilində demokratikləşməni sürətləndirməliyik. Parlamentar sistemdə güclü müxalifət fraksiyasının formalaşmasına nail olmalıyıq. Bunun üçün proporsional seçki sisteminin bərpası lazımdır. Bu addım siyasi partiyaıarın aktivləşməsinə də səbəb olacaq. Rəngarəng siyasi palitranın yaranması beynəlxalq dairələrlə əməkdaşlığı tam başqa müstəviyə gətirə bilər. Nəticəfə beynəlxalq proseslərə yalnız dövlətin əli ilə deyil, həm də müxalifətin gücü ilə təsir edə biləcəyik. Bu da bəzi mənfi tendensiyaların aradan qalxmasına kömək etmiş olacaq”.
Məhəmmədəli QƏRİBLİ