Fransa prezidenti Emmanuel Makron Rusiya ordusunun Ukraynada mülki şəxsləri qətlə yetirməsini “soyqırım” adlandırmaqdan imtina edib. Fransa lideri bunu belə izah edib ki, soyqırımı siyasətçilər deyil, hüquqşünaslar müəyyən edir.
Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan illərdir bütün dünyaya hayqırır, 1915-ci il hadisələri ilə siyasətçilərin deyil, tarixçilərin məşğul olması gərəkdiyini bildirir və bütün arxivləri açmağa hazır olduğunu bəyan edir. Ərdoğan beynəlmiləl bir elmi araşdırma aparılması, bu araşdırma qrupuna arzulayan bütün ölkələrdən alimlərin və hüquqşünasların daxil edilməsi çağırışını da etmişdi. Heç kəsdən səs çıxmadı, Ermənistan isə arxivini açmaqdan imtina etdi.
Belə çıxır ki, Fransanın öz işinə yarayanda Makron həvəslə yalançı iddialara “soyqırım” deyir, yaramayanda isə bunu hüquqşunasların öhdəsinə buraxır?
Müstəqil siyasətçi Bünyamin Qəmbərli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu, Qərbin nöbbəti ikili standartının bariz göstəricisidir: “Həmin dairələr müsəlmanlar və xüsusilə də türklərə hər zaman aqressiv yanaşma ortaya qoyurlar. Qərb, əsasən tarixi olmayan xalqlara yumşaq yanaşır. Onlara hökmranlıq etmək asandır. Ancaq türklərə qarşı bunu edə bilmirlər. Bu baxımdan da, türklərə qarşı bütün məsələlərdə qərəzli mövqe sərgiləyirlər. Konkret olaraq Fransanın prezidenti Makron birinici dəfə deyil ki, belə ziddiyyətli mövqe ortaya qoyur. Fransızlar özlərini demokratik ölkə sayırlar. Bir neçə il bundan əvvəl qərar qəbul etdilər ki, erməni “soyqırımı” yoxdur deyənləri 45 min avro cərimə etsinlər. İkinci dəfə bu təkrar olardısa daha ağır cəzanın verilməsi nəzərdə tutulurdu. Bu necə demokratik ölkədir ki, söz azadlığına belə onların dözümü yoxdur? Var deyəni qəbul edirlər, yox deyəni isə cərimələyib məsuliyyətə cəlb edirlər. Bu, birbaşa ədalətsizlikdir. Makron deyir ki, Bucadakı hadisələrin soyqırım olub-olmadığını hüquqşunaslar deməlidir. O zaman məntiqi sual çıxır: nədən göz qabağında olana bu adı demirlər, ancaq 110 ilə əvvəl olana həvəslə “soyqırım” deyirlər? Bu çox yanlışdı. İkinci bir səbəb Rusiyadan olan qorxudan irəli gəlir. Bilirlər ki, onlar qəbul edən kimi Rusiya dərhal Fransanın Afrika ölkələrində həyata keçirdiyi soyqırımlarla bağlı qərar qəbul edəcək. Əbülfəz Elçibəy hər zaman deyirdi ki, siyasətdə şərəfli olmaq hər siyasətçinin işi deyil. Makron kimilərin işi oyunbazlıqdan ibarətdir. Onlar uzaq hədəflərə hesablanan siyasət yürütmək gücündə deyillər. Bu yalnız Makronun günahı deyil. Bütövlükdə fransız parlamenti və məhkəmələrinin də böyük qüsuru var. Çünki belə qərarları çox vaxt parlament verir. Başlıca səbəb Türkə basqı etməkdir”.
Məhəmmədəli QƏRİBLİ