Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə gənclərə diqqət və qayğı xüsusi yer tutub. Ümummilli lider bildirirdi ki, gələcəyimiz indiki gənclərə nəyi və necə öyrətməyimizdən asılıdır. Mərhum Prezident respublika rəhbərliyinə gəldiyi ilk vaxtdan öz siyasətində gənclərə mühüm yer ayırdı və onların himayədarı kimi çıxış etdi.
Ölkəmiz artıq dövlət müstəqilliyinin yenidən bərpa olunmasının 31 ilini arxada qoyur. Bu gün hər birimiz böyük fəxr hissi ilə qeyd edirik ki, günbəgün güclənən, qüdrətlənən, dünya birliyində layiqli yer tutan Azərbaycan qürür mənbəyimizdir. Bu uğurlarımızı önə çəkərkən, təbii ki, onların böyük səylərin, qətiyyətin sayəsində qazanıldığını unutmamalıyıq. Müstəqil Azərbaycan dövlətinin qurucusu ulu öndər Heydər Əliyevin bəyan etdiyi kimi, həyat inkişaf edir, nəsillər nəsilləri əvəz edir. Gənclərin Azərbaycanın müstəqillik yolunun nə qədər ağır dövrdən keçməsindən xəbəri yoxdur. Bunun üçün onları düzgün məlumatlandırmaq, tariximiz barədə aydın təsəvvür yaratmaq əsas tələblərdəndir. Müharibə şəraitində yaşayan bir ölkədə vətənpərvər ruhlu gənclərin yetişdirilməsi vacibdir.
Bir çox problemlər məhz gəncliyin tükənməz enerjisi və qətiyyəti sayəsində həllini tapacaq
Azərbaycan gənclər ölkəsidir. Ölkə əhalisinin 60 faizdən çoxunu gənclər təşkil edir. Bu nöqteyi-nəzərdən yanaşdıqda gənclərin qarşısında dayanan vəzifələr daha qabarıq şəkildə özünü büruzə verir. Gənclərə diqqət və qayğının dövlət siyasətinin əsas tərkib hissinə çevrilməsi də onlara olan etimaddan irəli gəlir. Gənclər Azərbaycanın gələcəyi kimi dəyərləndirilir. 1997-ci ildə ümummilli lider Heydər Əliyevin Sərəncamı əsasında Gənclərin I Forumunun keçirildiyi tarix-yəni 2 fevral Azərbaycanda Gənclər Günü kimi elan edildi. Gənclər onlara göstərilən etimadı fəaliyyətləri ilə doğrultmağa səy göstərirlər. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, gənclərimizin əksəriyyəti böyük qürur hissi ilə deyə bilərlər ki, onlar artıq müstəqillik illərində formalaşmış nəslə mənsubdurlar. Azərbaycançılıq məfkurəsi ruhunda tərbiyə almış bu nəsil dövlətimizin iqtisadi və mədəni inkişafında mühüm rol oynayaraq ildən-ilə potensialının gerçəkləşdirilməsi üçün daha geniş imkanlar əldə edir. İnformasiya cəmiyyətinin bərqərar olması ilə əlaqəli proseslər sübut edir ki, müasirlik, yüksək keyfiyyətli təhsil və işgüzarlıq olan yerdə gəncliyə xas yenilikçi düşüncə sivilizasiyanın bütövlükdə simasını dəyişdirə bilər. Məhz bu keyfiyyətlərə söykənərək belə bir inam ifadə olunur ki, hazırda müasir dünyada qarşılaşdığımız bir çox problemlərin həlli məhz gəncliyin tükənməz enerjisi və qətiyyəti sayəsində həllini tapacaq.
Vətən müharibəsində də əsas vəzifəni gənc nəsil yerinə yetirdi
Azərbaycan gəncliyi hər zaman vətənpərvərlik ruhunda yetişib, milli və dövlətçilik maraqlarımızın qorunması istiqamətində fəaliyyət göstərib. Biz 44 günlük Vətən müharibəsində də bunun əyani şahidi olduq.
Əmin olduq ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil formalaşıb. Gənclərimiz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsinin əsas qəhrəmanları kimi sözün həqiqi mənasında tarix yazdılar. Məhz son 17 ildə, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi müddətdə yetişən gənc nəsil tarixi torpaqlarımızı işğaldan azad etdi. Hələ müharibıdən əvvəl Tovuz hadisələrində minlərlə gəncin könüllü şəkildə orduya yazılmaq istəyi də göstərirdi ki, bu illər ərzində torpaqlarımızın işğal altında qalmasına baxmayaraq yaşlı nəsil kimi gənc nəsil də bir amalla yaşayır. Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, tarixi torpaqlarımızı işğaldan azad etmək istəyir. Halbuki münaqişənin həllində maraqlı tərəf kimi görünməyə çalışan əksər beynəlxalq təşkilatlar həll prosesinin məqsədli şəkildə donduralaraq, uzadılmasına çalışırdı. Onların əsas məqsədi gənclərimizə, yeni nəslə işğal tarixini unutdurmaq, bizim təslimçi sülhlə razılaşmağımıza nail olmaq idi.
Amma bu çirkin cəhdlərin heç biri baş tutmadı. Azərbaycan gənci nəinki işğal faktını unutmadı, əksinə hər zaman Ali Baş Komandandan əmr gözlədi. Təsadüfi deyil ki, Vətən müharibəsində də əsas vəzifəni gənc nəsil yerinə yetirdi. Müharibədə iştirak edən və şəhid olan gənclərimizin böyük əksəriyyətinin yaşı artıq tarixə qovuşan münaqişənin yaşından az idi.
Biz arxa cəbhədə-informasiya savaşında da gənclərimizin mübarizliyini gördük. Düşmənin dezinformasiya siyasətinə qarşı hər bir Azərbaycan vətəndaşı, o cümlədən gənclərimiz mübarizə apardı. Qarşı tərəfin yaydığı “fakenews”lar intellektual gənclərimiz tərəfindən ifşa olundu və bu gün də bu proses davam edir. Bu gün Azərbaycan gəncinin fəaliyyəti “hər şey Vətən üçün” prinsipinə əsaslanır. Prezident İlham Əliyevin güclü Lider kimi hər zaman dövlətçilik maraqlarını ən ali səviyyədə müdafiə etməsi gənc nəsil üçün əsl nümunə olub.
Məhəmmədəli QƏRİBLİ Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.