Fransada prezident seçkilərinin birinci turu üzrə nəticələrin maraq doğuran məqamlardan biri də erməni diaspor və lobbi qüvvələri ilə bağlı oldu. Bu diaspor və lobbi qüvvələrinin əslində, Fransada əvvəllər bəyan edilən gücə malik olmadığı bəlli oldu.
Bu barədə danışmazdan öncə qeyd edək ki, Fransada seçkilərə əhalinin münasibətinin təhlili insanların narazılıq həddinin yüksək olduğunu göstərir. Elə prezident seçkiləri ilə bağlı namizədlərin kampaniyası da göstərir ki, Fransada ciddi sosial problemlər mövcuddur və seçiciləri qlobal məsələlər yox, daxili problemlər narahat edir. Məhz bu səbəbdən insanlar daha çox daxili problemlərə diqqəti yönəldir və bu müstəvidə çətinliklərin həllini istəyir. Elə bundan irəli gəlir ki, erməni diasporunun qaldırdığı məsələlər Fransa cəmiyyətini qətiyyən maraqlandırmır. Məlumdur ki, aprelin 10-da Fransada keçirilən prezident seçkilərinin birinci turunun yekun nəticələri məlum olub. Ölkənin Daxili İşlər Nazirliyi bülletenlərin 100%-nin hesablandığını bildirib. Nəticələr erməni lobbisinin seçkilərə müdaxilə cəhdində tam iflasa uğradığını göstərir. Belə ki, prezident seçkilərinin birinci turunda Fransanın hazırkı prezidenti Emmanuel Makron qalib gəlib. O, 27,6% səs toplayıb. İkinci yeri səslərin 23,41%-ni toplayan ifrat sağçı Marin Le Pen tutub. Üçüncü yerdə “Invictus France” partiyasının solçu namizədi Jan-Luk Melenkon 21,95% səs toplayıb ki, bu da onun üçün proqnozlaşdırılandan xeyli çoxdur. İrqçi Erik Zemmur və təxribatçı Valeri Pekress müvafiq olaraq 7,1% və 4,8% toplayaraq siyahının sonunda yer alıblar. Fransanın qeyri-məhdud dəstəyinə ümid edən erməni diasporu isə bütün gücünü məhz son iki namizədə sərf etmişdi. Amma məlum oldu ki, diaspor onun düşündüyü qədər güclü deyil. Bütün bunlar Fransada erməni lobbisinin nüfuzunun ciddi azaldığını göstərir.
Araşdırmalar da göstərir ki, Fransada erməni diasporunun fəaliyyəti hədsiz dərəcədə zəifləyib. Bunun nəticəsidir ki, Fransanın bir sıra şəhərləri ilə Qarabağın separatçı rejimi arasında imzalanmış dostluq xartiyaları ləğv edilib. 2009-cu ildən bəri ermənilərin Fransadakı qəzetləri və saytları oxucu marağı olmadığından dalbadal bağlanır. 2017-ci ildən bəri ermənilərin Parisdə keçirdikləri nümayişlərə isə ən uzağı 3 min nəfər qatılıb. ABŞ-da olduğu kimi, Fransada da erməni icmasının əsasını Osmanlı Türkiyəsini tərk edənlərlə Livandan olan ermənilərin nəvələri və nəticələri təşkil edir. Bu səbəbdən həmin diaspor mənsublarının ermənilik və Ermənistanla bağlı məlumatları səthidir. Buna rəğmən, Fransadakı erməni diasporu və icma təşkilatları Ermənistandakı ən radikal, şovinist və irqçi strukturlar, şəxslər və qurumlarla sıx əlaqə saxlayır, onları idarə etməyə çalışırlar. Bu mənada təsadüfi deyil ki, Fransanın erməni diasporu son prezident seçkilərinin ilk turunda irqçi Erik Zemmur və təxribatçı Valeri Pekressə stavka etdilər. Onlar Makronun ilk turda məğlub olacağını gözləsələr də nəticə fərqli oldu. Eyni zamanda Makron da ermənilərin iç üzünü gördü. Bu səbəbdən təkrar seçiləcəyi halda Makronun ermənilərə, Ermənistana münasibətinin fərqli olacağı şübhə doğurmur. Düzdür, aprelin 24-də baş tutacaq ikinci turda Rusiyaya yaxın Le Penin seçkilərdə qalib gəlmək şansının az olduğunu anlayan erməni lobbisi Makrona dəstək olacağını bəyan edib. Amma görünən budur ki, Makron daha çox seçicilərin daxili sosial problemlərdən narahatlığı fonunda bu məsələyə diqqət ayıracaq. Yəni erməni lobbisinin zəif nəticələrini nəzərə alaraq əvvəlki kimi erməni məsələsinə böyük diqqət ayıra bilməyəcək. Fransa və Bakı arasında əlaqələrin aktivləşməsini, iqtisadi və siyasi təmasların fəallaşaraq genişlənməsini istəyənlərin də sayı artır. Bu da erməni diasporunun daha da zəifləməsi ilə müşayiət edilir.
Tahir TAĞIYEV