Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Moskvada aparılmış danışıqlarının yekunlarına əsasən Kremlin saytında dərc olunmuş birgə bəyanatın 6-cı bəndində “Metsamor” Atom Elektrik Stansiyası ilə bağlı təəccüblü məqama rast gəlinir.
Bildirilir ki, tərəflər “Metsamor”un istismar vaxtının uzadılması və yeni enerji bloklarının tikintisi ilə bağlı birgə razılığa gəlib. Maraqlıdır ki, Avropa Şurası sözügedən stansiyanı qəzalı elan edib. Ermənistan da Avropa qurumları qarşısında 2024-ci ilə kimi stansiyanı bağlayacağı ilə bağlı öhdəlik götürüb. Bu təzadlı məqamı necə izah etmək olar?
Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu məsələyə çox ciddi fikir vermək lazımdır: “Sovet İttifaqında 1986-cı ildə bənzər AES-də qəza baş verdi. Çernobıl Atom Elektrik Stansiyasındakı qəza təxminən 40.000 nəfərin ölümü ilə nəticələndi, minlərlə insan əlil oldu, ölkə milyardlarla dollar maddi ziyanla üzləşdi. O vaxta qədər yer üzündə heç kim bir Atom Elektrik Stansiyasının bu qədər böyük fəlakət törədə biləcəyini xəyal belə etməzdi. Dünyada potensial bir qəzanın radiusu barədə fikir belə yox idi. Nüvə partlaşıyı hadisəsi təkcə Ukraynanı deyil, ətraf bölgələri, o cümlədən Türkiyəni, Qafqazı və Avropanı da təsirləndirdi.
BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin məlumatına görə, “Metsamor” AES birinin 15, digərinin 13 kritik nöqtəsi ilə dünyanın ən təhlükəli iki nüvə stansiyasından biridir. “Metsamor”un işlədiyi reaktor ən köhnə sovet texnologiyası ilə istehsal olunan su ilə soyudulmuş bir qurğudur. Müəssisə, fəlakət risqindən əlavə, bu soyutma sistemi səbəbindən ərazidəki yeraltı və yerüstü su mənbələri üçün də ekoloji təhlükə yaradır. Bölgədəki seysmik aktivlik də “Metsamor” Atom Elektrik Stansiyasında risqləri artıran başqa bir amildir. Müəssisə, Ağrı dağı silsiləsində tez-tez təkanların şahidi olan birinci dərəcəli seysmik zonada yerləşir. Bu səbəbdən bu nüvə enerjisi stansiyasının istifadədən çıxarılması yalnız bölgə üçün deyil, həm də insanlıq üçün kritik əhəmiyyətə malikdir. Ermənistan Atom Elektrik Stansiyasının istismar müddəti çoxdan bitib. Ermənistan "Metsamor" AES-in fəaliyyətini uzatmaq üçün müxtəlif bəhanələr gətirir.
Ermənistan Avropa Şurasına üzv olduqda 2004-cü ilə qədər “Metsamor”un istifadədən çıxarılmasına dair söz verdi. Lakin bu söz yerinə yetirilmədi və Ermənistan hələ də “Metsamor” Atom Elektrik Stansiyasından fəal şəkildə istifadə edir. Bütün dünya Ermənistanın “Metsamor” Atom Elektrik Stansiyasını bağlamasını gözlədiyi halda Ermənistanın gündəmində atom elektrik stansiyasının fəaliyyətini genişləndirmək var. Buna Rusiyanın da dəstək verməsi qəbuledilən deyil. Görünür, Rusiya Avropa ilə apardığı prinsipə bütün bəşəriyyətin təhlükəsizliyini belə qurban verməyə hazırdır”.
Məhəmmədəli QƏRİBLİ