Prezident İlham Əliyev aprelin 19-da Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən Ermənistan tərəfi ilə aydınlaşdırılmasına ehtiyac olan məsələlərdən birinin də Azərbaycanla və Naxçıvan Muxtar Respublikası ilə kommunikasiyalar məsələsi olduğunu bildirib:
"Mən həm dəmir yolunu, həm də avtomobil yolunu nəzərdə tuturam. Çünki dəmir yolu ilə bağlı mən Prezident Mişelə məlumat verdim ki, biz dəmir yolunun Azərbaycan ərazisində 100 kilometrdən artıq 60 kilometrlik hissəni tikmişik və tikintini gələn il tamamlayacağıq. Lakin əfsuslar olsun ki, Ermənistanda onlar heç bu işin texniki-iqtisadi əsaslandırılmasına başlamayıblar, bu da prosesin ləngiyə bilməsini göstərir.
Avtomobil yoluna gəldikdə, Azərbaycan tərəfindən fəal tikinti işləri gedir və yolun böyük hissəsi artıq inşa olunub. Biz, həmçinin ümid edirik, yəqin ki, növbəti ilin sonuna kimi avtomagistralı Ermənistan sərhədinə çatdıracağıq. Lakin təəssüf ki, Brüssel görüşü zamanı Ermənistanın baş naziri coğrafi koordinatları qeyd etməmişdir. Mən fevralın 4-də videokonfrans vasitəsilə keçirilən görüşdə bu məsələni qaldırdım, lakin cavab olmadı. Aprelin 6-da mən yenidən yolun coğrafi koordinatlarının təqdim edilməsini istədim, lakin cavab olmadı. Ümidvaram ki, tezliklə onu əldə edəcəyik".
Göründüyü kimi, ölkə başçısı Avropa İttifaqının nümayəndəsinin diqqətinə Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə dair konkret faktları çatdırıb. Son vaxtlar vasitıçilikdə fəallaşan Avropa Birliyi heç olmasa bu iradlardan sonra Ermənistanı hərəkətə gətirmək üçün səylərini artıra bilərmi?
Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, son vaxtlar hiss olunur ki, Avropa Birliyi Ermənistanla Azərbaycan arasındakı münasibətləri tənzimləməyə ciddi maraq göstərir: “Onlar istəyir ki, sülh müqaviləsi imzalansın, sərhədlərin demarkasiyası və delimitasiyası tez bir zamanda həyata keçsin. Təbiidir ki, bütün bunların həlli Ermənistanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyindən keçir. Həmin öhdəliklərdən biri də kommunikasiyaların bərpası ilə bağlıdır. Aydın görünür ki, Ermənistan bu məsələni də sabotaj edir. Birmənalı şəkildə demək olar ki, Paşinyan bu məsələni həll etməyə hazır deyil. İstər Rusiyanın, istərsə də Avropanın təşkilatçılığı ilə keçirilən görüşdə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən boyun qaçırır. Prezident də ona görə qeyd edir ki, Ermənistan söz verir, amma yetinə yetirmir. Azərbaycan cəmiyyətində səhv fikir formalaşıb ki, Paşinyan istəyir, amma erməni cəmiyyəti onu qiymur. Bilməliyik ki, Paşinyan da daxil olmaqla heç bir erməni Qarabağın Azərbaycanın tərkibində qalmasımı istəmir. Azərbaycan isə götürdüyü bütün öhdəlikləri yerinə yetirir. Prezident bu xəbərdarlıqları yerində və düz edir. Avropa və digərləri bilməlidir ki, Ermənistan bundan boyun qaçırmaqla bizi daha sərt addımlar atmağa vadar edə bilər. Qoy Avropa da bilsin ki, indiyə qədərki ikili standartla yanaşmalarını kənara qoymalıdırlar. Maraqlıdır ki, Rusiyanın forpostu olan Ermənistana Avropa bizdən qat-qat artıq maddi yardım edir. Prezidentin bu xəbərdarlığından sonra biz antiterror əməliyyatı keçirsək, Laçın dəhlizini bağlasaq heç kim təəccüblənməsin. Çünki Zəngəzur dəhlizinin açılması yalnız bizim marağımızda deyil. Bununla bütün dünya üçün önəmli olan bir yol açılır. Buna da mane olan yeganə ölkə Ermənistandır. Buna görə də Prezident lazımi xəbərdarlığını etdi”.
Məhəmmədəli QƏRİBLİ