Ermənistan Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında Moskvada keçirilən görüş yekunlaşdı. Gözlənildiyi kimi, görüş gərgin atmosferdə keçib. Məsələ ondadır ki, hazırda istər Qərb, istərsə də Kreml öz maraqlarını Azərbaycanın strateji həmlələri ilə uzlaşdırır. Lakin Ermənistan faktiki olaraq həm Qərblə Kreml arasında qalıb, həm də hər iki tərəfin təzyiqlərini hiss edir. Bu baxımdan Moskvadakı görüşün Paşinyan üçün çətin keçəcəyi bəlli idi.
Paşinyanla Putin arasında danışıqların yekununda müttəfiqlik əlaqələrinin möhkəmləndirilməsi və əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsinə dair 30 bəndlik birgə bəyanat imzalanıb. Putin-Paşinyan danışıqlarının yekunları ilə bağlı birgə bəyanatda qeyd olunub ki, iki dövlət başçıları bir sıra ölkələr tərəfindən birtərəfli sanksiyaların tətbiq olunmasından narahatlıq ifadə edib: “Vladimir Putin və Nikol Paşinyan bir sıra ölkələrin birtərəfli məhdudlaşdırıcı tədbirlər tətbiq etməsindən narahat olduqlarını ifadə ediblər. Onlar iki ölkənin ərzaq və enerji təhlükəsizliyi, logistika və digər sahələrdə sanskiyaların səbəb olduğu çətinliklərin öhdəsindən birlikdə gəlmək niyyətlərini bildiriblər”.
Bu, faktiki Rusiyanın məruz qaldığı Qərbin sanksiyalarına qarşı Ermənistanı cəlb etməkdir. O baxımdan sözügedən maddə Ermənistanın Qərb dövlətləri ilə münasibətlərinə necə təsir edəcək? Qərb bundan sonra da Ermənistanı dəstəkləməkdə davam edəcək? Digər tərəfdən, sanksiyaların Ermənisytanın özünə qarşı yönəldilməsi ehtimalı nə qədərdir?
“Qərbin bütün bunlara görə Ermənistana qarşı daha sərt mövqe sərgiləyəcəyini düşünmürəm”
Məsələyə münasibət bildirən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəylinin fikrincə, bunun Qərb-Ermənistan münasibətlərinə mənfi təsiri olacaq, amma bu, elə də böyük miqyasda olmayacaq: “Bu maddə açıq-aşkar onu göstərir ki, Ermənistan Rusiyaya qarşı sanksiyalara qoşulmayacaq. Əksinə, həmin o sanksiyaları tətbiq edən ölkələrin siyasətinə qarşı Rusiya ilə birgə fəaliyyət göstərəcək. Sözügedən maddənin mahiyyəti bundan ibarətdir. Bununla faktiki olaraq rəsmi İrəvan dünya birliyinin əleyhinə gedir. Özü də Rusiya ilə birgə fəaliyyət mexanizmləri nəzərdə tutulub. Ona görə də bütün bunlar Qərb-Ermənistan münasibətlərinə mənfi təsir göstərəcək. Ancaq Qərbin bütün bunlara görə Ermənistana qarşı daha sərt mövqe sərgiləyəcəyini düşünmürəm. Çünki Qərbdə hesab edirlər ki, Ermənistan kiçik ölkə olmaqla yanaşı, Rusiyadan böyük ölçüdə asılıdır. Məsələ ondadır ki, Ermənistan iqtisadiyyatı böyük ölçüdə Rusiyadan asılıdır. Orada Rusiya hərbi bazaları var, sərhədlərini ruslar qoruyur və s. O üzdən, aşırı dərəcədə Ermənistanın üzərinə getsələr, o zaman bu ölkə tamamilə Rusiya təsir dairəsinə daxil olacaq. Qərb də bunu istəmir. Ancaq əslində Ermənistanın məlum qərarı Qərbə qarşı olan bir addımdır”.
Bütün bunlardan çıxış edən partiya sədri hesab edir ki, Qərbin Ermənistana münasibəti kəskin formada dəyişməyəcək.
Vidadi ORDAHALLI