ABŞ-ın Qafqazda danışıqlar üzrə baş müşaviri Endryu Şofer bu həftə regiona səfəri çərçivəsində Ermənistanda olub. Ermənistan mətbuatı onu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri kimi təqdim etməyə çalışsa da, ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosu tviterdə onu Qafqazda danışıqlar üzrə baş müşavir kimi təqdim etməklə ATƏT-in Minsk qrupunun taleyi məsələsinə nöqtə qoydu.
Bununla da aydın oldu ki, ABŞ Ermənistan-Azərbaycan münaqişəsinin danışıqlar yolu ilə vasitəçilik missiyasını həyata keçirən ATƏT MQ (ABŞ, Fransa, Rusiya) həmsədrliyi formatından imtina edib.
Ağ Ev bundan sonra Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi prosesində müstəqil formada Qafqaz danışıqları üzrə baş müşaviri vasitəsilə birbaşa iştirak edəcək.
Dövlət Departamentinin yaydığı məlumatda Ağ Ev Azərbaycan prezidenti İlham Əliyevin sülh danışıqlarına sadiqliyi, Baş nazir Paşinyanın Azərbaycanla sülh danışıqları ilə bağlı bəyanatlarını, o cümlədən Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında son telefon danışığını alqışlayır.
Dövlət Departamentinin yaydığı məlumatda həmçinin qeyd olunub ki, Dövlət katibinin köməkçisi Donfrid ABŞ-ın bu prosesə ən yaxşı şəkildə necə dəstək verə biləcəyini müzakirə etmək üçün bu həftə Qafqaz danışıqları üzrə baş müşaviri Endryu Şoferi regiona göndərib.
Ermənistanın bütün cəhdlərinə baxmayaraq, ABŞ-ın Minsk qrupu formatından imtina etməsi ilə bağlı ekspertlər nə düşünür?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, beynəlxalq instansiyaların təşkil etidiyi Azərbaycanla Ermənistanın son bir ildə təmaslarında 30 il nəticəsiz fəaliyyəti ilə özünü proseslərdən kənarlaşdırmış ATƏT-in Minsk qrupunun adı çəkilmir: “Bu o deməkdir ki, ATƏT-in Minsk qrupu artıq tarixə köçüb. Buna baxmayaraq, Ermənistan hər vəchlə ATƏT-in Minsk qrupunun yenidən dirildilməsinə cəhd göstərir. Məsələ ondadır ki, 44 günlük Vətən müharibəsindən sonra proseslərə təsir edən tək işlək format üçtərəfli razılaşmadır. Rusiya da bu üçtərəfli razılaşmada de-yure tək, de-fakto isə iki qarant ölkədən biridir.
Proseslər Azərbaycan-Türkiyə, Rusiya- Ermənistan mövqelərinin ətrafında müzakirə olunur, həlli yolları tapılmağa cəhd edilir.
Sadəcə, Ermənistan və şəxsən baş nazir Nikol Paşınyan belə yollarla zaman qazanmaq istəyir ki, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli razılaşmaların müddəaları həyata keçirilməsin.
Ermənistanın təşəbbüsü tək bununla bitmir, çünki bu həm də dinc həyatın bərqərar edilməsi, iqtisadi münasibətlərin bərpası, Cənubi Qafqazda nəqliyyat əlaqələrinin açılması istiqamətində real addımların atılmasını əngəlləyir. Ermənistanın Minsk qrupu həmsədrliyindən imtina etmək istəməməsi Cənubi Qafqaz regionunda sülh və stabilliyin əleyhinə işləyən məqamdır.
İndi məntiqi olaraq sual yaranır: öz işqalçı təcəvüzkar adətindən əl çəkməyən Ermənistan 30 il Cənubi Qafqazda pozduğu sülh və stabilliyi indi də diplomatik səylərlə davam etdirməyə çalışır? Müharibədən sonra Minsk qrupu prosesdən tamamilə kənarlaşıb. Bunun rəsmi təsdiqini isə Brüssel görüşündən sonra Moskvaya dəvət edilən Ermənistanın xarici işlər naziri ilə görüşdə Lavrov bəyan etdi. O dedi ki, Fransa və ABŞ digər həmsədrlər kimi Moskva ilə təmasdan imtina edir. Bunun ardınca isə Rusiya Azərbaycan və Ermənistanla danışıqları aparmaq üçün xüsusi nümayəndə təyin etdi. Rusiyadan sonra ABŞ da Minsk qrupunda fəaliyyətini dayandıraraq ATƏT-in Minsk Qrupunda olan özünün həmsədri Endru Şoferi Qafqazda danışıqlar üzrə baş müşavir təyin edib, bu artıq Minsk qrupuna vasitəçilik institutu kimi son qoyulması anlamına gəlir.
ABŞ dövlət katibinin Qafqaz danışıqları üzrə baş müşaviri Endryu Şoferin aprelin 18-də baş nazir Nikol Paşinyanla Moskvaya səfərindən bir gün öncə İrəvanda həmsədr statusunda deyil, xüsusi nümayəndə kimi danışıq aparması həmsədrlik institutunun tarixə qovuşduğuna bir sübutdur”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə bu formatın səmərəsizliyi barədə fikirlər söyləyib. Sitat: “Minsk qrupu ATƏT-in mandatına əsasən, 1992-ci ildən münaqişəni həll etməyə məcbur idi. Onlar biz 44 gün ərzində əraziləri azad edənədək 28 il ərzində fəaliyyət göstərdilər. Mənim Minsk qrupunun fəaliyyəti ilə bağlı fikrim Azərbaycan xalqının fikrindən fərqlənmir. Bu, uğursuzluq idi”.
ATƏT-in Minsk qrupunun ABŞ-dan olan sabiq həmsədri Riçard E.Hoqland “Minsk qrupunun rolu varmı?” adlı məqaləsində yazırdı: “Biz beşulduzlu hotellərdə qalırdıq, bizə nümayəndəlik mərtəbələrində nömrələr verirdilər, bununla da əlavə xərcə düşmədən özəl yeməkxanalara və tam təmin olunmuş barlara çıxış əldə edirdik. Həmişə şəhərlərdə ən yaxşı restoranları axtarırdıq. Ancaq düzü, çox az şey əldə edilib”.
Təbiidir ki, belə bir təsisat mütləq tarixin arxivinə göndərilməli idi.
Məhəmmədəli QƏRİBLİ