Ermənistanda artıq uşaqlı-böyüklü hamı dərk etməyə başlayıb ki, Bakı Qarabağda vəziyyəti tam olaraq öz nəzarətinə götürmək niyyətindədir.
Bu fikirləri erməni siyasi şərhçi Razmik Akopcanyan bildirib: “Hazırda hər şey Azərbaycanın əlinə oynayır. Siyasi prosseslər, Avropanın qaz asılılığı... İrəvanın bu təzyiq içində başı fırlandı, Bakı isə dividendlər yığdı.
“Moskva” kreyseri kimi Rusiyanın 3 gəmisi var idi. İndi ikisi qaldı. Bu, Kreml üçün həm hərbi, həm də psixoloji cəhətdən çox böyük zərbə oldu. Artıq Rusiyanın Qara dənizdə donanması yoxdur. Demək ki, rus əsgərləri Qarabağda yavaş-yavaş azalacaq və həmin ərazilərə Azərbaycan Ordusu daxil olacaq. Bu gün-sabah Azərbaycan polisi və əsgəri Xankəndidə öz qaydalarını tətbiq edəcək. Oradakı ermənilər isə sakitcə tabe olacaq”.
Bundan əlavə, Qarabağda 44 günlük müharibə zamanı həlak olan 19 erməni hərbçinin valideynləri Baş nazir Nikol Paşinyanın açıqlamalarının araşdırılması və ona qarşı cinayət işinin açılması tələbilə Ermənistan Baş Prokurorluğuna müraciət edib. Bu barədə Ermənistan mətbuatı məlumat verib:
"Baş nazirin açıqlamaları 2020-ci ildə Qarabağda hərbi əməliyyatların onun əli ilə başladığını düşünməyə əsas verir. Görünən odur ki, Paşinyan əvvəlcədən ehtimal edərək və nəticələrini bilərək bu addımı atıb. Bundan başqa, onun hərəkətsizliyi, öhdəliklərini yerinə yetirməməsi Azərbaycanı genişmiqyaslı müharibəyə sövq etdi. Hərbçilərin valideynləri təzyiq göstərəcək ki, iş açılsın və baş nazir məsuliyyətə cəlb olunsun. Onların tələbləri yerinə yetirilməsə, o zaman valideynlər bütün instansiyalardan yan keçərək tətillər tələb edəcəklər. İndi Yerablurda olan daha 60 valideyn tələbimizə qoşuldu. Bundan sonra onlar bizim aksiyamıza qoşulacaqlar".
Ermənistan cəmiyyətində yaranan bədbinliyin kökündə hansı amillər durur?
Politoloq Əhəd Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan cəmiyyətindəki pessimist ovqat artan dinamika ilə gedir: “Bunun ən başlıca səbəbi 44 günlük müharibədə biabırçı məğlubiyyətə düçar olmalarıdır. Çünki onlar bütün dövlət təbliğatlarını Qarabağın üstündə qurmuşdular. Müstəqilliklərini bərpa edəndən sonra əsas prioritet istiqamət kimi ikinci erməni dövlətinin yaradılmasını elan etmişdilər. Gedən son proseslər onları daha da sarsıdıb. Rus sülhməramlılarının orada olması ermənilərdə bir az ümid yaratmışdı. Rusiya-Ukrayna müharibəsi fonunda Qarabağda ermənilərin mövqelərinin yenidən sarsıldığını gördük. Azərbaycan 10 noyabr sazişindən sonra Fərrux və Ağdərə istiamətində irəlilədi. Bu, ermənilərin bütün ümidlərini boşa çıxardı. Anladılar ki, yaxın zamanlarda Azərbaycan ermənilərin kompakt yaşadığı ərazilərdə belə öz yurisdiksiyasini tam bərpa edəcək. Paşinyan Brüssel səfərindən sonra ölkəsində bəyan edib ki, bizim ərazi bütövlüyümüzü tanımalıdırlar. Üstəlik, Türkiyənin güclənməsi, regionda proseslərə təsirinin artmasını müşahidə edirlər. Ermənilər bu reallıqları qəbul etməklə ümidsizliyə qapılırlar. Ancaq bilməlidirlər ki, yaranan bu reallıqlar həm də onların inkişafını, normal yaşayışını şərtləndirə bilər. Pessimizmi kənara atlb reallıqları qəbul etsələr, qazanmış olarlar”.
Məhəmmədəli QƏRİBLİ