Erməni separatçıları son iki gündür atəşkəs rejimini pozaraq, Azərbaycan ordusuna qarşı təxribatlar törədir. Ötən gün Ağdam, Xocalı, Goranboy, Tərtər istiqamətində atəşkəsi pozan düşmən bir gün sonra Ağdam və Ordubaddakı mövqelərimizi atəşə tutub.
Erməni ordusu adekvat cavab tədbirləri ilə susdurulub. Hazırda əməliyyat şəraiti Azərbaycan ordusunun nəzarəti altındadır. Çox maraqlıdır ki, ermənilərin bu addımları Rusiya sülhməramlılarının gözü qarşısında baş verir. Ukraynada baş verən proseslərin fonunda ermənilərin bu təxribatları təsadüf sayıla bilərmi?
Politoloq Əhəd Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Putin Donetsk və Luqanskın müstəqilliklərini tanıyandan sonra Araik Arutunyan da çıxış edərək, həmin separatçı qurumları tanıdığını bəyan etdi: “Onlarda bir ümid yarandı ki, onların da qondarma “Artsax”ını tanıyacaqlar. Ancaq Rusiya ilə Azərbaycan arasında imzalanan müttəfiqlik sazişi onların istəyini ürəklərində qoydu.
Hesab edirəm ki, burada hər hansı təsadüf yoxdur və bizi təxribata çəkmək istəyirlər. Bununla bizim əsəblərimizi yoxlayırlar. 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli sazişin bəndləri tam həyata keçməyincə belə atışmalar baş verəcək. Həmin sazişin bəndlərinə əsasən, sülhməramlı adlandırılan rus qoşunları əraziyə daxil olduqca Ermənistanın ordu birlikləri ərazidən çıxmalı, eləcə də separatçılar silahsızlaşdırılmalı idi. Bunu kim etməlidir? Sözsüz ki, sülhməramlı kontingent. Bəs niyə etmir? Hesab edirəm ki, indiki təxribatların kökünü burada axtarmalıyıq. Azərbaycan vaxt itirməməlidir. Azərbaycan atəşkəsin pozulması faktından istifadə edib, düşmənə qarşı lazımı olan addımları atmalıdır. Biz 2022-ci ili “Xankəndi ili” elan edib, sülhməramlıların nəzarətində olan ərazilərimizdə də öz yurisdiksiyamızı bərpa etməliyik. Eyni zamanda, Rusiyanın nəzərinə çatdırmaq lazımdır ki, onların müharibə apardığı bir vaxtda ermənilər Moskvaya qarşı belə təxribatla məşğuldur”.
Məhəmmədəli QƏRİBLİ