Azərbaycanla Rusiya arasında bu gün imzalanacaq müttəfiqlik Bəyannaməsi kifayət qədər əhatəli sənəddir. Orada 40-a yaxın bənd var və müxtəlif sferaları əhatə edir. Prezident İlham Əliyev bu haqda Kremldə prezident Vladimir Putinlə görüşündə bildirib: “Sənəd birmənalı olaraq çox müsbət əhəmiyyətə malik olacaq”.
Dövlət başçısı Rusiyanın Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında da əsas rola malik olduğunu vurğulayıb: “Rusiya Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasında, normal qonşuluq münasibətlərinin yaranmasında əsas rol oynayır”.
Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevlə görüşün əvvəlində bildirib ki, iki ölkə arasında müttəfiqlik münasibətlərinə dair birgə Bəyannamənin imzalanması planlaşdırılır və bu, münasibətləri yeni səviyyəyə çıxaracaq.
Bu Bəyannamənin imzalanmasının Azərbaycan üçün nə kimi əhəmiyyəti olacaq?
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə bildirdi ki, belə bir Bəyannamənin imzalanması maraqlı zamana təsadüf etdiyi üçün fərqli yorumların şahidi oluruq: “Rusiya ilə imzalanan bu sənədin heç bir üçüncü tərəfə yönəlikliyi ola bilməz. Azərbaycan müstəqil bir ölkə kimi öz siyasi manevrlərini davam etdirir. Mən ölkə başçımızın həm fəhminə, həm də siyasi təcrübəsinə arxayınam. Möhtərəm Prezident Azərbaycanın ziyanına olan hər hansı bir sənədə imza atmaz. Xüsusilə də ortada Türkiyə amili var. Qardaş ölkə ilə imzalanmış “Şuşa Bəyannaməsi” mövcuddur. Mən əminəm ki, bu siyasi gediş həm də Türkiyənin özü ilə razılaşdırılıb. Bu, həm də Azərbaycanın çoxvektorlu siyasət yürütməsinin əyani təzahürüdür. Biz Qoşulmayanlar Hərəkatının sədriyik, bloklara qoşulmuruq, amma ikitərəfli münasibıtlərdə öz strateji maraqlarımıza uyğun sənəd və müqavilələrin imzalanmasına təbii yanaşırıq. Rusiya regionun önəmli ölkəsidir, belə bir sənədin imzalanması bizim təhlükəsizliyimizin təminatı üçün də olduqca önəmlidir”.
Məhəmmədəli QƏRİBLİ