Məlum olduğu kimi, prezident Vladimir Putin Kremldə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının növbədənkənar geniş iclasını keçirib. Daha sonra qondarma "LXR" və "DXR"nin müstəqilliklərinin tanınması haqqında fərman imzalayıb. O, eyni zamandaƏ, həmin respublikalarla əməkdaşlıq haqqında da fərman imzalayıb.
Bununla belə, Fransa prezidenti Emmanuel Makronun Moskva ilə Kiyev və Qərb arasında vasitəçilik cəhdi fiaskoya uğradı. Makron ümid edirdi ki, vasitəçiliyi nəyəsə yarıyacaq və bu da apreldə keçirilən prezident seçkilərində onun xeyrinə işləyəcək. Ancaq onun bu istəyi reallaşmadı. Bu həm də 2015-ci ildə Fransanın da iştirakçısı olduğu Minsk razılaşmasının sonu idi. Diqqəti çəkən başlıca məqamlardan biri də V.Putinin Təhlükəsilik Şurasının iclasında Makronu aşağılaması oldu: “Gecə saat 2-yə qədər mənimlə telefonla danışıb və deyib ki, guya Vaşinqtonun maraqlı təklifləri var. Mənim "nədir o təkliflər" sualıma cavab verə bilmədi”.
Fransanın müasir tarixində heç bir dövlət başçısı belə aşağılanmayıb. Söhbət 1958-ci ildə konstitusiya ilə əsası qoyulan 5-ci respublikadan sonra ölkəyə rəhbərlik edənlərdən gedir. Maraqlısı həm də odur ki, E.Makron özündə cəsarət tapıb Putinin iradına cavab vermədi. Çox güman ki, bütün bunlar E.Makronun siyasi karyerasının sona çatmasına təsirsiz ötüşməyəcək.
“Elə Makron kimi diletant Qərb liderlərinin fəaliyyətsizliyi və bu kimi vasitəçiliyinin nəticəsidir ki...”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, E.Makronun vasitəçilik səyləri özünü doğrultmadı: “Rusiyanın Ukrayna böhranı fonunda Fransa prezidenti Makronla Putinin telefon danışığı, demək olar ki, Parisin planlarını doğrultmadı. İlk növbədə ona görə ki, Fransa özü beynəlxalq qanunları bir çox hallarda tanımır. Biz bunu Minsk Qrupunun həmsədri kimi Fransanın fəaliyyətində görürük. Həmçinin Makronun şəxsi personası da belə bir vasitəçiliyi aparacaq səviyyədə deyil. Ona görə də Putin onunla telefon danışığinı gülərək qeyd edir. Hesab edirəm ki, elə Makron kimi diletant Qərb liderlərinin fəaliyyətsizliyi və bu kimi vasitəçiliyinin nəticəsidir ki, Putin Ukraynada separatçı regionu respublika kimi tanıdır. Fransa prezidenti də Azərbaycan və Ermənistan arasında vasitəçi olarsa situasiya gərginləşə bilər. Düşünürəm, belə bir gərgin situasiyada və beynəlxalq müstəvidə gedən qarşıdurma fonunda Makronun vasitəçiliyi uğurlu ola bilməzdi. Qeyd edim ki, artiq Makron Fransanın xarici siyasətini fiaskoya ugradıb. O baxımdan hesab edirəm ki, bundan sonra Fransanın beynəlxalq müstəvidə vasitəçi olmaq şansı qalmayıb”.
Politoloq onu da qeyd etdi ki, Makronun prezident seçkilərində qalib gəlmək şansı çox aşağıdır.
Vidadi ORDAHALLI