Son illər ölkə gündəminin ən çox müzakirə olunan məsələlərindən biri olan “Tərtər işi” ilə bağlı sensasion sayıla biləcək xəbər yayılıb. Məlumata görə, “Tərtər işi” ilə bağlı istintaq qrupu yaradılıb və baş verənlər yenidən araşdırılacaq. 2017-ci ildən bugünə qədər “Tərtər işi” ilə əlaqədar həbs edilən hərbçilərin yaxınlarının, işgəncələr nəticəsində dünyasını dəyişənlərin ailə üzvlərinin, təzyiqlərə məruz qalmış, ordudan qovulmuş hərbçilərin ifadələri mövzunu daim aktual saxlayırdı.
“Tərtər işi”nin yenidən araşdırılması, həqiqi günahkarların ortaya çıxarılması ilə bağlı ölkə rəhbərliyinə dəfələrlə müraciətlər edilirdi. Bu gün də ciddi müzakirə mövzusuna çevrilən yeni xəbərlə bağlı ekspertlər maraqlı versiyalar səsləndirir. Qeyd olunur ki, “Tərtər işi”nin yenidən araşdırılması zamanı sabiq baş qərargah rəisi Nəcməddin Sadıqovun istintaqa cəlb ediləcəyi ilə bağlı çoxsaylı versiyalar səslənir. Bu ehtimalı nə dərəcə əsaslı saymaq olar?
Hərbi-siyasi ekspert Ramil Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, “Tərtər işi” adlı bir məfhumun işlədilməsi doğru deyil: “Bunun adı “casus işi”dir. Yəni ordudakı casusların aşkarlanması üçün aparılan ümumi əməliyyat olub. Bu proses uzun illər ərzində gedib. Sadəcə, qığılcım Tərtər istiqamətində baş verdiyindən və istintaqın ilkin mərhələsi həmin istiqamətdə aparıldığı üçün həmin işə şərti olaraq belə ad veriblər. Araşdırsanız görərsiniz ki, ilkin dindirilmələr məhz həmin qarnizonda olub. Əslində, uzun illər imiş ki, Ermənistan hərbi kəşfiyyatı Azərbaycan Ordusunun ön xətdə olan hərbi qulluqçularının əməkdaşlığa cəlb edilməsi üçün irimiqyaslı tədbirlər həyata keçirirdi. Buna bənzər hadisələr digər ordu korpuslarında da olub. Hətta həmin korpuslardan da istintaqa cəlb edilənlər var. Sözügedən cinayət işinin yenilənməsi çox vacibdir. Nəcməddin Sadıqovun bu işə cəlb edildiyinə gəldikdə, bunun izahı sadədir. Həmin vaxt deyilən şəxs Baş Qərərgah rəisi işləyib. Bu heç də xırda vəzifə deyil. Birmənalı olaraq bildirirəm ki, heç bir korpus komandiri özbaşına belə dindirmələri apara bilməzdi. Məlum olur ki, hərbçilərin dindirilməsi zamanı işgəncələr verilib. Yəni bu qədər səlahiyyəti hansısa zabit yuxarının icazəsi olmadan özünə verə bilməzdi. Təbiidir ki, bu miqyasda işə yalnız Nəcməddin Sadıqovun ranqında olan adam icazə verə bilərdi. Onun istintaqa cəlb edilməsi həm hüquqi, həm də bir məntiqi sifarişdir. Bu addımın atılması nəinki zəruridir, mən deyərdim olduqca vacibdir. Hələlik istintaq getdiyi üçün biz çox da mülahizələr irəli sürə bilmərik.`Mən yenilənən istintaqaın obyektiv aparılacağına tam əminəm”.
Məhəmmədəli QƏRİBLİ