Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin genişləndirilmiş kollegiya iclasında bildirib ki, Rusiya sülhməramlılarının fəaliyyəti sayəsində Qarabağda humanitar şərait yaxşılaşdırılıb:
“Bir ildən artıqdır bizim sülhməramlılar Qarabağda sabitliyin dəstəklənməsinə yardım edir. Onların səyi nəticəsində humanitar vəziyyət yaxşılaşıb, bir sıra rayonlar minalardan təmizlənib, sosial infrastruktur obyektlər bərpa olunub, tarixi və mədəni abidələr qorunub”. Rusiya Prezidenti sülhməramlılara təşəkkürünü bildirib.
Qeyd edək ki, bir ildən artıqdır Azərbaycan ərazisində fəaliyyət göstərən sülhməramlı kontingentin fəaliyyətindən biz heç də Putin kimi birmənalı razı deyilik. Bizim Rusiya sülhməramlılarının fəaliyyətinə münasibətimiz necədir?
Hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, keçən il noyabrın 10-dan Qarabağa yerləşdirilən sülhməramlı kontingent Rusiya silahlı qüvvələrinin 15-ci əlahiddə sülhməramlı motoatıcı briqadasının hərbçiləridir: “Həmin briqada Rusiyada BMT mandatı altında sülhməramlı missiyalarda iştirak üçün xüsusi yaradılmış yeganə heyətdir.
Sülhməramlı missiya Qarabağa dəqiq və konkret məqsədlə yerləşdirilib. Bu da dövlət başçılarının birgə bəyanatında nəzərdə tutulmuş vəzifələrin icrasına dəstək göstərməkdir. Bəs bir il ərzində rus sülhməramlıları sadalanan missiyaları yerinə yetirə bildilərmi? Bir il ərzində sülhməramlıların Azərbaycanda fəaliyyəti bir çox mənfi və müsbət cəhətlərlə yadda qalıb. Birgə bəyanatdan keçən ilk aylar ərzində Azərbaycanı qane edəcək bir neçə addıma imza atdılar. Məsələn, üç rayonun, o cümlədən Qubadlı və Zəngilanın xeyli kəndinin boşaldılıb Azərbaycana qaytarılması və s. bu faktları təsdiqləyir. Lakin sonrakı dövrlərdə sülhməramlı kontingetin seperatçı rejimlə daha sıx əlaqədə olduğunu müşahidə etdik. Azərbaycan tərəfinin razılığı olmadan Ermənistan rəsmilərinin və digər ölkə nümayəndələrinin ərazimizə buraxılması da Azərbaycanı narahat edən faktorlardan biridir. Digər tərəfdən, Azərbaycanı qane etməyən əsas fəaliyyətlərdən biri də Qarabağ ərazisində yerləşən erməni silahlılarının bugünə qədər oradan çıxarılmamasıdır. Hələ də onların ağır texnikaları Qarabağda qalır. Onların yeni mövqelər inşa etməsi də faktdır. Hesab edirəm ki, sülhməramlıların fəaliyyəti, ilk bir ayı çıxmaq şərtilə, qalan dövrlərdə heç də Azərbaycanı qane etmir. Əlaqələrin normallaşmasına gəldikdə isə, sülhməramlılar bu mövzuda özlərinə aid olmayan funksiyaları yerinə yetirməklə, azərbaycanlı köçkünlərin Qarabağ ərazisinə qaytarılması ilə bağlı qətiyyən heç bir addım atmayıb. Yalnız ermənilərin Qarabağa qaytarılmasını təmin etdilər. Amma yenidən həmin əhalinin bir hissəsi Qarabağı tərk etdi. Ümumilikdə isə, onların fəaliyyəti Azərbaycan üçün mənfidir və heç də Putinin dediyi kimi ideal deyil”.
Məhəmmədəli QƏRİBLİ