“Azərbaycan Prezidenti İlham Əliyevlə noyabrın 26-da Soçidə və dekabrın 14-də Brüsseldə keçirilən görüşlərdən sonra Ermənistan və region üçün dinc eranın inkişafına dair imkanlar yaranıb”.
TASS-ın yaydığı məlumata görə, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları ilə görüşdə bildirib. “Qeyd etmək istəyirəm ki, biz Soçi və Brüssel görüşündən sonra addım-addım ölkəmiz və regionun inkişafı üçün yeni eranın açılması istiqamətində irəliləyirik. Ermənistan hökuməti bu istiqamətdə irəliləmək üçün bütün imkanlardan istifadə edəcək”- deyə Paşinyan bildirib.
“Bundan sonra, Azərbaycanın dəfələrlə dediyi kimi, regionu iqtisadi əməkdaşlıq və sülh regionuna çevirmək mümkün olacaq”
Ermənistanın baş nazirinin bəyanatını “Bakı-Xəbər”ə şərh edən Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədovun fikrincə, Paşinyan dinc inkişaf erasının başlanmasını elan etmək məsələsində səmimi danışır: “Eyni zamanda bu məcburi səmimiyyətdir, əlacsız vəziyyətdə olan bir dövlət adamının səmimi bəyanatıdır. Əvvəlcə Soçidə, sonra Brüsseldə aparılan danışıqlar göstərdi ki, heç kim Ermənistanın revanşizm cəhdlərinə dəstək vermir. Həm Brüssel, Avropa İttifaqı, həm Rusiya regionda iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinin tərəfdarıdır. Və hesab edir ki, artıq ən azı münaqişənin hərbi fazası bitib, heç kim bundan sonra revanşa, hərbi uğurlara ümid etməməlidir. Söhbət, təbiidir ki, Ermənistandan gedir. Hesab edirəm ki, Brüssel danışıqları burada son nöqtə oldu. Çünki Paşinyan onlara çox ümid edirdi, xüsusən də ilk növbədə Fransaya ümid edirdi. Makronun da o danışıqlarda iştirak etməsi, dediyi son sözlər, görünür, Paşinyanın son ümidlərini də qırdı. Artıq real iş görməyə başlayıblar və artıq Naxçıvandan Azərbaycanın əsas hissəsinə dəmir yolunun çəkilməsi istiqamətində real addımlar atılır, delimitasiya ilə bağlı işlər görülür. Rusiya da buna xüsusi diqqət göstərir. Bilirsiz ki, bir neçə gün əvvəl delimitasiya məqsədilə xüsusi nümayəndə heyəti gəlmişdi. Hesab edirəm bundan sonra, Azərbaycanın dəfələrlə dediyi kimi, regionu iqtisadi əməkdaşlıq və sülh regionuna çevirmək mümkün olacaq. Yenə də Azərbaycan Prezideninin dediyi kimi, ermənilər normal qonşu kimi yaşamağı öyrənməyə başlayacaqlar”- deyə A.Səmədov bildirdi.
İradə SARIYEVA