BMT Baş Assambleyası Rusiyanın təşəbbüsü ilə irəli sürülmüş nasizm və neonasizmlə mübarizə ilə bağlı qətnaməni qəbul edib. Bu barədə Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyi "Twitter" səhifəsində yazıb. Sənədin lehinə 130, əleyhinə iki ölkə səs verib. 49 ölkə bitərəf qalıb.
Azərbaycan qətnamənin lehinə səs verib. Sənədin əleyhinə səs verən ölkələr ABŞ və Ukrayna olub. Türkiyə, Böyük Britaniya, Aİ bitərəflər sırasında yer alıb.
Çox maraqlıdır ki, özünü demokratik ölkə sayan ABŞ bu layihənin əleyinə səs verib. Görünən budur ki, Ukrayna da neonasizimlə mübarizəni özü üçün məqbul saymır. Türkiyənin bu məsələdə bitərəf qalması da olduqca təəccüblüdür. Bu baxımdan, Azərbaycan qətnamənin lehinə səs verməklə nə dərəcədə doğru addım atıb?
“Türkiyə ilə Azərbaycanın bu məsələdə fərqli mövqe ortaya qoyması razılaşdırıla bilər”
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev “Bakı-Xəbər” ə açıqlamasında bildirdi ki, hazırda bir çox məsələlərdə ölkələrin səsverməsi sənədin özündən çox, kimin təqdim etməsi prinsipinə əsaslanır: “Yəni səsvermədə ölkələr müəllifə olan münasibətlərini aydın büruzə verirlər. Azərbaycanın seçimi məqbuldur. Çünki görürük ki, böyük güclərin toqquşması baş verir. Biz müəllifdən çox sənədin mahiyyətinə səs vermişik. Bizim üçün başqa göstəricilər maraqlı deyil. Böyük güclər isə məsələyə nüfuz prizmasından yanaşırlar. ABŞ və Ukraynanın mənfi münasibəti Rusiyaya “sən sözdə bir, əməldə başqa şey etməklə bizə blef edə bilməzsən” prinsipinə əsaslanır. Türkiyə isə bir çox məsələlərdə Rusiya ilə ortaq davransa da, prinsipial mövzularda konkret mövqeyini ortaya qoyur. Məsələn, Krımla bağlı məsələdə mövqeyi Rusiya ilə uzlaşmır. Bir çox məsələlərdə Türkiyə göstərir ki, heç də bütün mövzularda Rusiya ilə ortaq deyil. Ankara demək istəyir ki, Rusiya doğru davranmayanda, ona qarşı olmağı, dirəniş göstərməyi bacarır. Rusiyanın da bu məsələdə marağı neofaşizmlə mübarizə deyil. Sadəcə, Ukrayna məsələsinə görə üzərinə gələn basqıları neytrallaşdırmaq istəyir. Özünün reputasiyasını bərpa etməyə çalışır. Həm də göstərmək istəyir ki, dünyanın idarə olunmasında vacib sayılan təhlükəsizliyin təminarında öndə gedir. Bu mənada. tərəfdaş axtarmaqda maraqlıdır. Həm də bu, ABŞ-ın beynəlxalq Sammit keçirdiyi bir dönəmə təsadüf edir. ABŞ həmin Sammitdə əslində demokratiya axtarışından daha çox, cəbhələşmədə yanında olanları nümayiş etdirmək istəyirdi. Türkiyə ilə Azərbaycanın bu məsələdə fərqli mövqe ortaya qoyması razılaşdırıla bilər. Balansı qorumaq baxımından bu çox önəmlidir. İnanmıram ki, xarici siyasətlə bağlı vacib məqamda iki qardaş ölkə tam fərqli baxışlara sahib olsun”.
Məhəmmədəli QƏRİBLİ