Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə Brüssel danışıqlarından sonra - dekabrın 16-da Qarabağdakı separatçıların başçısı Arayik Arutyunyanı qəbul edib.
İrəvanda keçirlən görüşün detalları, müzakirə olunan məsələlər açıqlanmayıb. Çox maraqlıdır, Brüsel görüşündən sonra Paşinyanın Arayik Arutunyanı dərhal yanına çağırmağı hansı zərurətdən irəli gəlib?
Ermənistanın Baş naziri Nikol Paşinyan Brüssel danışıqlarından sonra Qarabağda qalan separtçıların rəhbəri Arayik Arutyunyanla görüşməsi ilə bağlı müxtəlif versiyalar səslənir. İlkin olaraq ehtimal edilir ki, Nikol Paşinyan Arayikə vəziyyətin heç də onları xeyrinə olmadığını deyəcək. O, razılaşmaların həyata keçirilməsi üçün Arayikə xəbərdarlıqlar edəcək. Bu qənaəti gücləndirən amil budur ki, Brüssel təmaslarından dərhal sonra Paşinyan xoşməramlı fikirlər səsləndirdi.
Qərbdəki təmaslar Rusiyanın qəzəbinə səbəb ola bilər və onlar yenidən Arayik kartını aktiv hala gətirər.
Nəzərə alaq ki, Brüsseldə Fransa Prezidenti Emmanuel Makronun da təşəbbüsü ilə Əliyevlə Paşinyan bir araya gəldi. Fransanın da mövqeyi bəllidir.
Hələlik, indiki mərhələdə birinci versiya da inandırıcı görünür.
Dərin yanaşanda isə ikinci versiyanın da inandırıcılığı güclənir, ancaq bəllidir ki, Azərbaycan ərazi bütövlüyünü tam formada bərpa etmək niyyətini açıq ifadə edir. Ola bilər ki, Paşinyan Arutunyana bundan sonra əldə olunan razılaşmaların mahiyyətinə uyğun davranış göstərməyi tapşıracaq. Bir sözlə, Azərbaycanın yaratdığı reallıqlarla bağlı davranmaq tövsiyə ediləcək.
Bu barədə ekspertlər nə düşünür?
Hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev “Bakı-Xəbər”ə bildirdi ki, Paşinyanın bu gedişi təsadüfi deyil: “Anlaşılır ki, Brüseldə əldə olunan bəzi razılaşmalar, Paşinyanı qane edib. Çünki başqa bir şansı da yoxdur. Ancaq hesab edir ki, Arayik Arutunyan və ona tabe olan bəzi separatçı qalıqları vəziyyəti daha da gərginləşdirə bilər. Çünki tərəflərin bir-birinə olan etibarı çox kövrəkdir. Güman edirəm ki, Paşinyan ona Laçın dəhlizi ilə bağlı konkret tapşırıqlar verib. Çünki İlham Əliyev dəhlizlə bağlı məsələni konkret qoyub. Anlayır ki, kiçik bir səhv dəhlizi onların əlindən çıxara bilər. Azərbaycan üçün hərbi cəhətdən bunu həyata keçirmək çətin deyil. Çünki ətrafdakı bütün əlverişli mövqlər bizim əlimizdədir. Bundan başqa, Arayikə göstəriş verilə bilər ki, tabeliyindəki bütün silahlıları tərkislah etsin. Bundan sonra Paşinyana öhdəliklərini sakitlik vəziyyətində yerinə yetirməsi vacibdir. Hansısa qüvvələr məhz Arayikin əli ilə prosesi tormozlaya bilər. Bir sözlə, Paşinyan ona bundam sonra necə davranacağı ilə bağlı bir çərçivə cızıb”.
Məhəmmədəli QƏRİBLİ