Belarusun Xarici İşlər Nazirliyi (XİN) Azərbaycana Avropa İttifaqının Şərq Tərəfdaşlığı sammitində dəstəyinə görə təşəkkürünü ifadə edib.
Belarus XİN-dən bildirilib ki, suverenlik və müstəqillik anlayışlarının dəyərini gözəl başa düşən qardaş Azərbaycana ölkəmizi beynəlxalq arenada ardıcılı və kompromissiz şəkildə dəstəklədiyinə görə təşəkkürümüzü bildiririk. Bakı növbəti dəfə özünü beynəlxalq hüquq normalarına uyğun olaraq öz xarici siyasi prinsiplərinə sadiq qalan məsul və müstəqil iştirakçı kimi nümayiş etdirdi.
Qurumdan qeyd ediblər ki, Belarusu Şərq Tərəfdaşlığına üzv ölkələrlə Aİ-nin siyasiləşmiş təşəbbüsü deyil, ilk növbədə, ümumi tarix, xalqların yaxın dostluğu, qarşılıqlı səmərəli ticari-iqtisadi əməkdaşlıq, MDB məkanında konstruktiv əməkdaşlıq bağlayır.
"Əlbəttə, biz Şərq Tərəfdaşlığı sammitində dost dövlətlərdən anti-Belarus açıqlamaları və addımlarının birmənalı şəkildə pislənməsini gözləyirdik. Gənc postsovet ölkələrinin tarixi dəfələrlə göstərib ki, geosiyasi vəziyyətdən və Avropa bürokratiyasının əhvalından asılı olaraq istənilən bayraq altındakı yer boş qala bilər", - nazirlikdən deyiblər.
Qeyd edək ki, Azərbaycan Şərq Tərəfdaşlığının (ŞT) 6-cı Zirvə görüşündə qəbul edilən bəyannamənin Belarusun daxili işlərinə aid olan bəndinə qoşulmayıb.
Azərbaycan bu addımı düz atıbmı və bunun ölkəmizin Avropa Birliyi ilə gələcək münasibətlərinə nə kimi təsiri ola bilər?
Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Şərq Tərəfdaşlığı təşəbbüsü 2009-cu ildə yaranıb: “ Əsas məqsəd proqram iştirakçıları - Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarusun yumşaq avrointeqrasiyasıdır. Rusiya da
ə təbii ki, bunun əleyhinədir. Rəsmi Moskva düşünür ki, Aİ bu layihəni həyata keçirməklə regionda Rusiyanın maraqlarına maneə törədir və öz geosiyasi maraqlarını diqtə etməyə çalışır.
Azərbaycanın Şərq Tərəfdaşlığı bəyanatının Belarusla bağlı bəndinə qoşulmaması rəsmi Bakının yürütdüyü müstəqil xarici siyasətindən xəbər verir. Azərbaycan heç bir hərbi blokda təmsil olunmur, Qoşulmama Hərəkatının üzvüdür və ölkələrlə qarşılıqlı hörmətə əsaslanan ikitərəfli münasibətlərimiz var.
Sənəddə Belarusla bağlı ayrıca bənd olub. Bununla Azərbaycan bir daha nümayiş etdirib ki, onun üçün ölkələrin suverenliyinə hörmət, daxili işlərinə müdaxilə edilməməsi qırmızı xətdir. Azərbaycan insan hüquqları, humanitar məsələlərlə bağlı siyasiləşdirilmiş yanaşmanı, ikili standartları qəbul etmir. Azərbaycan öz dostlarını heç vaxt darda qoymur. Qərbin siyasi mərkəzləri tərəfindən daima Belarusa qarşı siyasi, mənəvi, psixoloji hücumlar təşkil edilir. Buna cavab olaraq da Belarus Şərq Tərəfdaşlığı Proqramına üzvlüyünü saxlayıb. Şərq Tərəfdaşlığı sammitində Belarusa qarşı növbəti haqsızlıq edildi, Belarusu miqrant böhranının yaradılmasında ittiham etməyə çalışdılar. Azərbaycan isə Şərq Tərəfdaşlığı sammitinin yekun bəyanatının Belarusla bağlı 11-ci bəndinə qoşulmadı. Azərbaycanın Belarusla kifayət qədər yüksək səviyyədə olan ikitərəfli münasibətləri var. Azərbaycan bir daha, Ermənistandan fərqli olaraq, ikiüzlü siyasət həyata keçirmədiyini və daim öz qonşuları, müttəfiqləri ilə səmimi münasibət formalaşdırdığını göstərdi. Bunun bizimlə Avropa İttifaqının gələcək münasibətlərinə heç bir təsiri olmayacaq. Çünki Azərbaycan kimi önəmli ölkə ilə onlar belə məsələyə görə münasibətləri korlamaq istəməzlər”
Məhəmmədəli QƏRİBLİ