Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Şərq Tərəfdaşlığı Zirvə toplantısının Birgə Bəyannaməsinə Azərbaycanın qeyd şərti ilə bağlı sualını cavablandırakən bir sıra məqamlara toxunub.
O qeyd edib ki, Azərbaycan hər zaman Şərq Tərəfdaşlığı proqramının qarşıdurma məzmununda qurulmasının əleyhinə olub. Bu prinsip Birgə Bəyannamənin özündə də əks olunub. Burada qeyd olunur ki, ŞT konstruktiv əməkdaşlığa əsaslanır və heç kimə qarşı yönəlməyib. Ölkəmizin mövqeyi ondan ibarətdir ki, Aİ üzv ölkələri və tərəfdaş ölkələr üçüncü ölkələrlə münasibətlərində müşahidə olunan çağırış və çətinlikləri ŞT proqramına gətirməməlidirlər. Digər tərəfdən, ŞT proqramı yalnız tərəfdaş ölkələrin Aİ ilə münasibətlərinə deyil, eyni zamanda onların özləri arasında münasibətlərin inkişafına da xidmət etməlidir. ŞT proqramı tərəfdaş ölkələrin üçüncü ölkələrlə bu proqramdan kənarda qurduğu yüksək səviyyəli münasibətlərə xələl gətirən siyasət yürütməməlidir. Bununla belə, Azərbaycan Belarusla bağlı 11-ci bənddəki mövqeyi bölüşmədiyini bildirib.
Azərbaycanın digər qeyd şərti Birgə Bəyannamənin texniki əlavəsində “münaqişənin təsirinə məruz qalan ərazilər”lə bağlı olub. Belə ki, sənəddə bildirilir ki, Aİ paytaxtlardan kənarda, münaqişənin təsirinə məruz qalan ərazilərdə fəaliyyət göstərən təşkilatlara dəstək verəcək. Azərbaycan isə verdiyi qeyd-şərtdə həmin ərazilərdə fəaliyyətin ərazinin məxsus olduğu ölkənin müraciəti və razılığı ilə həyata keçirilməsinin zəruriliyini vurğulayıb. Bu mövqe bilavasitə beynəlxalq hüquqa və dövlətlərin suveren hüquqlarına əsaslanır.
Maraqlıdır, “münaqişənin təsirinə məruz qalan ərazilər”lə bağlı Azərbaycanın əlavəsində qeyd olunan məqamlar nə deməkdir?
“Mərkəzi hakimiyyətlə məsləhətləşmədən, razılaşmadan qurumun hər hansı dəstək verməsi doğru deyil”
Sözügedən məqama aydınlıq gətirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bunu belə izah etdi: “Əvvəla, Azərbaycanın sözügedən məqamla bağlı əlavəsi ölkəmizin maraqlarına uyğundur. Burada söhbət ondan gedir ki, Avropa İttifaqı hansısa ölkədə münaqişə varsa, münaqişə bölgəsində fəaliyyət göstərən təşkilatlara yardım göstərə bilər. Azərbaycanın əlavəsi o deməkdir ki, mərkəzi hakimiyyətlə məsləhətləşmədən, razılaşmadan qurumun hər hansı dəstək verməsi doğru deyil. Məsələn, Aİ rəsmi Kişinyovla razılaşmadan Dnestryanı bölgədə separatçılara hansısa humanitar və yaxud da digər yardım göstərir. Yaxud da orada fəaliyyət göstərən təşkilata yardım edir. Məsələnin məzmunu bundan ibarətdir. Azərbaycanda haqlı olaraq qeyd edib ki, bu kimi məsələlərdə həmin ərazilərdə fəaliyyətin ərazinin məxsus olduğu ölkənin müraciəti və razılığı ilə həyata keçirilməsi daha məqsədəuyğundur. Çünki mərkəzi hakimiyyətin rəyini, mövqeyini nəzərə almadan belə fəaliyyət separatçıların əl-qolunu açır. Dolayı da olsa, mənəvi baxımdan onların xeyrinə işləyir. Biz nəzərə almalıyıq ki, hələ Qarabağ tamamilə bizim nəzarətimizə keçməyib. Sülhməramlıların və separatçıların nəzarətində olan hissədə fəaliyyət göstərən təşkilatlara Aİ hansısa yardım edəcəksə, bu, rəsmi Bakının razılığı ilə olmalıdır. Ona görə də bu kimi məsələlərə həssas baxılmasına müsbət yanaşıram”.
Partiya sədri hesab edir ki, mərkəzi hakimiyyətlərin mövqeyi nəzərə alınacaqsa, o zaman separatçıların imkanları məhdudlaşacaq.
Vidadi ORDAHALLI