Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşündən sonra keçirilən mətbuat konfransında bildirdi ki, Zəngəzur dəhlizi və Laçın dəhlizindən istifadə rejimi eyni olmalıdır.
Çünki üçtərəfli bəyanatda çox aydın şəkildə Azərbaycanın təhlükəsizliyi və maneəsiz çıxışı təmin etməsi vurğulanır: “Təbii ki, Ermənistan da eyni şəraiti Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın digər əraziləri arasında təmin etməlidir. Laçın dəhlizində heç bir post yoxdur. Təbii ki, Zəngəzur dəhlizində də heç bir gömrük postu olmamalıdır. Əgər Ermənistan karqolara, insanlara nəzarət etmək istəsə, biz də Laçın dəhlizində gömrük postu açacağıq. Biz hər iki varianta açığıq. Ya hər iki tərəfdən olmalıdır, ya da olmamalıdır”.
Bünyamin Qənbərli: “Laçın dəhlizi ilə Ermənistanın Qarabağa nəsə aparmasına bizim nəzarət edə bilməməyimiz anormaldır”
Ancaq iki dəhlizin eyniləşdirilməsinə fərqli prizmadan yanaşıb bunu qəbul etməyənlər də var. Məsələn, keçmiş hərəkatçı, Naxçıvan Ali Sovetinin sabiq deputatı, müstəqil siyasətçi Bünyamin Qəmbərli “Bakı-Xəbər”ə açıqlamasında bunu belə izah etdi: “Zəngəzur və Laçın dəhlizləri məsələləri tamamilə fərqli mahiyyət kəsb edir. Çünki Zəngəzur dəhlizi vasitəsilə Azərbaycan öz ərazisinə gedəcək. Naxçıvana bu dəhliz vasitəsilə nə daşıyacaqsa, özü bilər, çünki ora öz ərazisidir. O cümlədən, Ermənistan bu dəhlizdən istifadə etməklə, Azərbaycan üzərindən İran və Rusiya ilə əlaqə quracaq. Ancaq Laçın dəhlizi tamam fərqlidir. Niyə? Ona görə ki, Laçın dəhlizindən istifadə edən Ermənistan başqa bir ərazisinə getmir, Azərbaycan ərazisinə gəlir. Qarabağ Ermənisanın yox, Azərbaycanın ərazisidir. Yəni bizim Naxçıvana hansı məhsul aparmağımıza Ermənistanın nəzarət etməsi anormaldır. Ancaq Laçın dəhlizindən keçməklə Ermənistanın Qarabağa nəsə aparmasına bizim nəzarət edə bilməməyimiz də anormaldır. Ona görə ki, Ermənistanın ərazimizə nə gətirdiyini biz bilməliyik. Bunu bilməməyimiz normal qəbul oluna bilməz. Bunu bilməyə haqqımız var. Bu, birincisi. İkincisi, Naxçıvan əbədi Azərbaycanın bir parçası olaraq qalacaq. Qarabağdakı ermənilər isə əvvəl-axır Azərbaycanın vətəndaşı olacaq. O zaman Ermənistan niyə onlara nə istəyir gətirməlidir və ya aparmalıdır? Üçüncüsü, hazırda Laçın dəhlizinə Rusiya hərbçiləri nəzarət edir. Dörd ildən sonra rusların vaxtı bitir. O zaman Laçın dəhlizinə kim nəzarət edəcək? Deməli, Rusiya sülhməramlıları ərazini tərk edəndən sonra Laçın dəhlizi özümüzə qalacaq. Belə olan halda Ermənistandan Qarabağa daşımalara biz nəzarət etməsək, o zaman bu, anormal olacaq. Bizim orada gömrük və digər qanuni strukturlarıımız olacaq. Bu baxımdan Zəngəzur dəhlizini Laçın dəhlizi ilə eyniləşdirmək olmaz. Ən nəhayət, digər bir misal. Yunanıstanda türklər yaşayır. Bu dövlətin icazəsi olmadan Türkiyə ora istədiyi şeyi apara bilmir. Yunanıstanın nəzarəti olmadan, hətta onlara bir çöp belə aparmaq mümkün deyil. Ona görə də bu kimi məqamlar nəzərə alınmalıdır”.
Elman Nəsirov: “Hər iki dəhliz məzmun baxımından eyni mahiyyətə malik olacaq”
Məsələyə münasibət bildirən millət vəkili, politoloq Elman Nəsirov isə hesab edir ki, hər iki dəhliz məzmun baxımından eyni mahiyyətə malik olacaq: “Cənab prezidentin Brüssel səfərində aparılan danışıqlar çərçivəsində Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi məqamlar diqqəti cəlb etdi. Ölkə başçısı vurğuladı ki, Zəngəzur dəhlizinin işə salınması məsələsi 10 noyabr razılaşmasının müvafiq 9-cu bəndindən irəli gəlir. Həmin bənddə Ermənistanla Azərbaycan arasında nəqliyyat-kommunikasiya xətlərinin bərpası, işə salınması öz əksini tapıb. Burada söhbət məhz Zəngəzur dəhlizindən gedir. Sözügedən məsələdə Azərbaycanın prinsipial mövqeyi var. Prinsipcə, biz hər iki varianta hazırıq. Ermənistan Zəngəzur dəhlizində gömrük postları qoyarsa, o zaman Laçın dəhlizində də bu tətbiq olunacaq. Ermənistan bu addımı atmazsa, o zaman onlar da Laçın dəhlizindən yoxlama aparılmadan istifadə edəcək. Hər iki variant bizi qane edir, amma yaxşı olardı ki, hansısa post olmadan Zəngəzur dəhlizindən istifadə edilsin. O baxımdan məsələyə bu cür yanaşıram”.
Vidadi ORDAHALLI