Məlum olduğu kimi, dekabrın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyanla birgə görüşü keçirilib. İki ölkə prezidenti müharibədən sonra ilk dəfədir ki, belə təkbətək görüşürdü. Tərəflər sonuncu dəfə müharibədən öncə 15 fevral 2020-ci il tarixində Münhendə görüşmüşdü.
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin üçtərəfli görüşlə bağlı yekun bəyanatı yayıldı. Bəyanat bir sıra məsələləri əhatə etdi. Ancaq Brüssel görüşününün yekun bəyanatında üç məqam xüsusilə diqqət çəkir. Birincisi, bəyanatda hansısa formada ATƏT-in Minsk Qrupunun adı çəkilmədi. Buna hansısa ehtiyacın olması qeyd edilmədi. İkincisi, bəyanatda Qarabağ ifadəsi işlədilmədi. Sözügedən ifadə ayrıca qeyd edilmədi. Üçüncüsü, əsas vurğunun postmünaqişə dövrü üzərində qurulması diqqəti çəkdi. İnfrastrukturun bərpa edilməsinə, nəqliyyat və kommunikasiya xətlərinin açılmasına xüsusi önəm verildi. Ən nəhayət, Brüssel görüşü göstərdi ki, Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında problemin həllində iştirak üçün mandat almaq istəyir. Ən azından, qurumun tərəflər arasında aktiv vasitəçilik səyləri bu qənaətə gəlməyə əsas verir.
Maraqlıdır, bəs ekspertlər bütün bunları necə dəyərləndirir?
“Avroittifaqın fəallığı öz maraqlarını təmin etmək və gücünü göstərmək məqsədi daşıyır”
Məsələyə münasibət bildirən politoloq Tural İsmayılovun sözlərinə görə, ümumilikdə Brüssel bəyanatının çox önəmli siyasi təsirlərinin olacağı gözlənilir: “Çünki Brüssel bəyanatında həm 10 noyabr bəyanatı, həm 11 yanvar Moskva görüşü və 26 noyabr Soçi bəyanatının müddüalarının yerinə yetirilməsi ilə bağlı bənd yer alıb. Bu bənd Azərbaycanın qalib tərəf kimi diqtə etdiyi şərtlərin və onun maraqlarının ehtiva olunduğu Soçi bəyanatının müddüalarının yerinə yetirilməsinin tez bir zamanda həyata keçiriləcəyinə dəlalət edir. Çünki Paşinyan uzun müddətdir Rusiyanın həyata keçirdiyi siyasətdən öz narazılığını ifadə edib. Qərbdən daha alternativ və başqa təkliflər gözləyirdi. Lakin Şarl Mişelin görüşdə səsləndirdiyi fikirlər və eyni zamanda yekun bəyanatda yer alan müddəalar onu göstərir ki, Cənubi Qafqaz siyasətində Avropa İttifaqının mövqeyi Rusiyanın mövqelərindən heç də fərqlənmir. Bunun nəticəsidir ki, bəyanatda Dağlıq Qarabağ ifadəsi yer almadı. O cümlədən, Minsk Qrupu barədə heç nə deyilməməsi gözlənilən idi. Məlum oldu ki, Ermənistanın uzun müddətdir MQ-ni proseslərə qoşmaq cəhdləri fiaskoya uğradı. Bütün bunlara rəğmən, düşünmürəm ki, Avroittifaq hansısa mandat almaq istəyir. Ona görə ki, Aİ Rusiya ilə birlikdə Cənubi Qafqazda postmünaqişə dövründə reallaşacaq kommunikasiya və iqtisadi layihələrdə öz maraqlarını təmin etmək istəyir. Çünki Zəngəzur dəhlizinin açılması Avrasiya ilə Avropa arasında ticarət əlaqələrinin, iqtisadi layihələrin genişləndirilməsinə xidmət edəcək. Daha səmərəli və az xərc tələb edən yükdaşımaların həyata keçirilməsinə, digər məsələlərin həllinə gətirib çıxaracaq. Bu baxımdan Avroittifaqın fəallığı öz maraqlarını təmin etmək və gücünü göstərmək məqsədi daşıyır”.
Ən nəhayət, politoloq hesab edir ki, Brüssel bəyanatında ölkəmiz əleyhinə bircə bəndin belə olmaması və bütün maraqlarımızın təmin olunması Azərbaycanın diplomatik qələbəsidir.
Vidadi ORDAHALLI