Məlum olduğu kimi, Prezident İlham Əliyev Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşündən sonra keçirilən mətbuat konfransında Zəngəzur dəhlizi ilə Laçın dəhlizi arasında bu şəkildə paralel apardı: “Laçın dəhlizində heç bir post yoxdur. Təbii ki, Zəngəzur dəhlizində də heç bir gömrük postları olmamalıdır. Əgər Ermənistan karqolara, insanlara nəzarət etmək istəsə, biz də Laçın dəhlizində gömrük postu açacağıq. Biz hər iki varianta açığıq. Ya hər iki tərəfdən olmalıdır, ya da olmamalıdır”.
Bu arada Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən üçtərəfli görüşlə bağlı bəyanat yayıb. Bəyanatda bir sıra məsələlərə toxunulub. O cümlədən, bəyanatda dəmir yolu xəttinin çəkilməsi məsələsinə xüsusi toxunulub. Həmçinin, dəmir yollarında gömrük və sərhəd nəzarətinin qarşılıqlılıq prinsipi əsasında təşkil olunacağı diqqətə çatdırılıb.
Maraqlıdır, Ş.Mişelin belə mövqe sərgiləməsi Azərbaycanın Zəngəzur və Laçın dəhlizləri ilə bağlı sərgilədiyi mövqeyə dəstəyi kimi dəyərləndirilə bilərmi?
“Gömrük və sərhəd nəzarətinin qarşılıqlılıq prinsipi əsasında təşkili bütün dəhlizlərə, yollara şamil olunacaq”
Məsələyə münasibət bildirən millət vəkili Vüqar Bayramov hesab edir ki, Ş.Mişelin bəyanatı Azərbaycanın dəhlizlər məsələsində sərgilədiyi mövqeyə uyğundur: “Əvvəla, Azərbaycan sözügedən məsələdə öz mövqeyini açıq şəkildə bəyan edib. Söhbət ondan gedir ki, gömrük və sərhəd nəzarətinin qarşılıqlılıq prinsipi əsasında təşkili bütün dəhlizlərə, yollara şamil olunacaq. Nəzərə almaq lazımdır ki, Azərbaycan Laçın dəhlizindən Ermənistanın maniəsiz istifadə etməsinə razılıq verib. Həmin yanaşma Zəngəzur dəhlizinə münasibətdə də sərgilənməlidir. Yox, Ermənistan müəyyən nəzarət mexanizmləri tətbiq edəcəksə, o zaman Azərbaycan da bunu edəcək. Bu baxımdan Ş.Mişelin qarşılıqlılıq prinsipinə yanaşması, dolayı da olsa, Ermənistana yönəlik mesajdır. Nəzərə almaq lazımdır ki, Qarabağ Azərbaycan ərazisidir. Buna baxmayaraq, Azərbaycan ordakı ermənilərin Laçın dəhlizi vasitəsilə Ermənistana maneəsiz gediş-gəlişinə razılıq verib. O üzdən, eyni prinsiplər Zəngəzurda da tətbiq olunmalıdır. Sözügedən məsələ ilə bağlı Prezident İlham Əliyev mövqeyini çox açıq şəkildə bəyan etdi. Bu o deməkdir ki, Azərbaycan yalnız qarşılıqlı prinsiplər əsasında regionda dəhlizlərin və yolların fəaliyyət göstərməsinə razılıq vermək niyyətindədir. Bu baxımdan hesab edirəm ki, Aİ-nin sərgilədiyi mövqe Azərbaycanın maraqlarına uyğundur”.
Millət vəkili onu da qeyd etdi ki, gedən proseslər Azərbaycanın maraqlarına uyğundur.
Vidadi ORDAHALLI