Dekabrın 14-də Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilmiş üçtərəfli görüşün nəticəsinə dair bəyanat yayıb.
Bəyanatda Aİ Şurasının Prezidenti tərəfindən Ermənistanla Azərbaycan arasındakı münaqişənin aradan qaldırılmasına, Cənubi Qafqazda sülhün bərqərar olunması üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış edilib. Şarl Mişel bildirib ki, 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatlarından irəli gələn öhdəliklər yerinə yetirilməlidir. Bəyanatda ilk dəfə olaraq Aİ-nin gündəliyinə itkin düşmüş şəxslər mövzusu daxil edilib, onların taleyinə aydınlıq gətirilməsinin zəruriliyi qeyd olunub. Aİ Prezidentinin bəyanatında, həmçinin, minatəmizləmə səylərinə, münaqişədən əziyyət çəkmiş insanlara, xüsusilə yenidənqurma fəaliyyətlərinə dəstək ifadə edilib. Habelə sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində Aİ tərəfindən məşvərətçi statusda dəstək verilə biləcəyi vurğulanıb. Diqqətə çatdırılıb ki, Aİ Cənubi Qafqaz regionunda iqtisadi əməkdaşlığın inkişafını dəstəkləyir. Eyni zamanda, birgə iqtisadi əməkdaşlıq platformasının yaradılması təklifi irəli sürülür. Şarl Mişel regionda kommunikasiya infrastrukturunun yaradılmasına, ölkələr arasında əlaqəni təmin edən xətlərin açılmasına və inkişaf etdirilməsinə Aİ-nin dəstəyini ifadə edib. Qurumun, hətta iqtisadi və investisiya resursları vasitəsilə bu layihələri dəstəkləyəcəyi də vurğulanıb.
Bəyanatda dəmir yolu xəttinin çəkilməsi məsələsinə xüsusi toxunulub. Həmçinin dəmir yollarında gömrük və sərhəd nəzarətinin qarşılıqlılıq prinsipi əsasında təşkil olunacağı diqqətə çatdırılıb.
Qeyd edək ki, bütün bunlar Aİ-nin təşəbbüsü ilə keçirilmiş görüşdə Azərbaycanın haqlı mövqeyinin bir daha təsdiqləndiyini nümayiş etdirir. Göründüyü kimi, faktiki olaraq, Aİ Şurası Prezidentinin bəyanatında faktiki olaraq Azərbaycanın irəli sürdüyü tələblərə dəstək verilib. Bunu Soçidən sonra Ermənistanın növbəti dəfə fakt qarşısında qoyulması kimi qiymətləndirə bilərikmi?
Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, uzun müddətdir barəsində söhbət gedən Brüssel danışıqları Azərbaycan müxalifəti və Ermənistanın ümidlərini doğrultmadı: “Brüsseldə ilk olaraq diqqəti çəkən Azərbaycan Prezidentinin Laçın və Zəngəzur dəhlizləri ilə bağlı verdiyi bəyanat oldu. Məncə, görüşün əsas hadisəsi də məhz bu bəyanat idi. Prezident dedi ki, Zəngəzura hansı status veriləcəksə, Laçına da həmin status veriləcək. Şarl Mişelin vasitəçiliyi ilə aparılan danışıqlara gəldikdə isə, bizim tərqribi gözləntilərimiz özünü doğrultdu. Soçi və ondan əvvəlki razılaşmaların bir daha təsdiqlənməsi qeyd edildi. Mən hesab edirəm ki, bu olduqca böyük bir hadisədir. Son bir ildə üç bəyanat qəbul edilib. Həmin bəyanatların üçü də Azərbaycanın maraqlarına cavab verir. Şarl Mişelin səsləndirdiyi bəyanatda da əldə olunan razılaşmaların icrasının zəruriliyi qeyd edilir. Təbiidir ki, bütün bunlar Azərbaycanın uğurudur. Brüsseldə sərhədlərin dəqiqləşdirilməsinin zəruriliyi qeyd edilib ki, bu da olduqca önəmlidir. Avropa İttifaqı, hətta bu məsələyə dəstək üçün özünün ekspert yardımını da təklif edib. Ən əsası, Brüsselin bu prosesi sürətləndirmək istəyi Azərbaycanın maraqlarına tam cavab verir. Digər vacib məqam budur ki, əksəriyyət gözləyirdi Brüsseldə Minsk Qrupu formatının masaya qayıtmasına dəstək veriləcək. Ancaq belə bir müzakirə olmadı. Təbiidir ki, biz Minsk Qrupunun tam sıradan çıxmasını istəmirik. Yaxşı olar ki, onlar daha çox postmüharibə dönəmində olan humanitar məslələrin həlli ilə məşğul olsunlar. Məlumdur ki, bundan sonra Qarabağın statusu ilə bağlı müzakirələrdən söhbət gedə bilməz. Mən də hesab edirəm ki, bu, Azərbaycan üçün çox uğurlu səfər oldu. Görüşlə bağlı ətraflı məlumatlar veriləndən sonra daha doğru nəticələr çıxara biləcəyik”.
Məhəmmədəli QƏRİBLİ