Fransada gələn ilin aprelində prezident seçkiləri keçiriləcək. Seçkilərdə mübarizə aparacaq ən güclü namizədlər arasında Respublikaçılar Partiyasının (LR) namizədi İle-de-Frans regionunun prezidenti Valeri Pekrese, Milli Birlik Partiyasının (RN) lideri Marin Le Pen, radikal sağçı jurnalist və yazıçı Erik Zemmur, Yaşıllar Partiyasının (EELV) prezidenti və Avropa Parlamentinin deputatı Yannik Jadut, Sərbəst Fransa Hərəkatının (LFI) lideri Jan-Lyuk Melenşon və Sosialist Partiyasının (PS) namizədi, Parisin bələdiyə sədri Anne Hidalqo var.
Qəribəsi odur ki, prezident seçkilərində iştirak etmək üçün namizədlərdən ikisi seçki kampaniyası başlamamış ilk səfərini Ermənistana edib. Onlardan biri yazıçı jurnalist Erik Zemmur artıq iki gündür İrəvandadır. Ermənistan mediasının yazdığına görə, Erik Zemmur Tvitter səhifəsində Ağrı dağın fonunda şəkil paylaşıb və belə bir paylaşım edib: “Burada, Ermənistan-Türkiyə sərhədində, Ağrı dağı ilə üzbəüz dayanaraq ermənilərə demək istəyirəm ki, onlar əsrlər boyu müqavimət nümunəsi olublar”.
Təəccüblüsü odur ki, 70 milyonluq Fransada cəmi 500 min erməni yaşayır və bu, həlledici səs demək deyil. Bundan ötrü Fransa ermənilərinin tarixi vətəninə seçki təbliğatına gəlmək nə dərəcədə məntiqlidir? Bu nə hoqqadır?
“Fransada son illər qeyri-ciddi, xarizması olmayan şəxslər namizəd olur”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə seçkiqabağı bəzi namizədlərin belə həyasız açıqlamalarla çıxış etməsini müəyyən amillərlə əlaqələndirdi: “Fransada erməni lobbisi secki kampaniyasinda daima prezidentliyə namizədlərə maddi dəstək olur. Neçə illərdir bu, bir növ, Fransada ənənə halını alıb. Bu da təsadüfi deyil. Məlum olduğu kimi, Fransada erməni lobbisi güclüdür və onun nəticəsidir ki, bu cür təbliğat kampaniyası aparılır. Fransa prezidentlərinin bəziləri, xüsusilə indiki prezident Emmanuel Makron aşırı dərəcədə ermənipərəstdir. Dəfələrlə onun ermənipərəst siyasətinin şahidi oluruq. Ona görə də Fransada keçirilən seçkilərdə namizədlərin ermənipərəst siyasətində təəccublu bir şey yoxdur. Şəxsi maraqlarını dövlət maraqlarından üstün tuturlar. Hesab edilər ki, erməni icmasının səsini və dəstəyini qazanacaqlar. Namizədin Ermənistanda Türkiyəyə qarşı təxribatı yolverilməzdir. Bu, Türkiyə və Ermənistan arasında düşmənçiliyi körükləməkdir. Müşahidələr göstərir ki, Fransada son illər qeyri-ciddi, xarizması olmayan şəxslər namizəd olur. Hazırkı prezident Makronun da siyasətçiyə xas xarizması yoxdur. Bütün bunlar həm də Avropada inqilabların beşiyi olan Fransada mənəvi deqradasiyanın dərinləşməsinin göstəricisidir”.
Politoloq onu da əlavə etdi ki, Fransada erməni sevgisi qalmaqdadır.
Vidadi ORDAHALLI