Azərbaycan Avrasiya İqtisadi İttifaqında müşahidəçi ola bilər. Bunu Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev Avrasiya İqtisadi İttifaqının Yüksək Şurasının iclasında deyib.
N.Nazarbayev bunu belə əsaslandırıb: “Azərbaycanla Ermənistan arasında münasibətlərin qurulmasını ürəkdən alqışlayıram. Eyni zamanda, əvvəllər deyildiyi kimi, Azərbaycanın Avrasiya İqtisadi İttifaqında müşahidəçi olması üçün danışıqlar aparmağı mümkün hesab edirəm. Özbəkistan nümunəsi bu məsələdə kömək edə bilər”.
Tədbirdə Nazarbayevdən sonra çıxış edən Ermənistanın Baş naziri Nikol Paşinyan bu təklifə münasibət bildirməyib. Ancaq N.Nazarbayevin məlum təklifi erməni mediasında ciddi həssaslıqla qarşılanıb. Bununla bağlı müəyyən fikirlər irəli sürülüb. Paşinyanın Nazarbayevin təklifinə cavab verməməsini 2014-cü ildə o vaxtkı prezident Serj Sarkisyanın cavab verməməsi ilə müqayisə edib uğursuz paralellər aparırlar. Maraqlıdır ki, Azərbaycan tərəfi Nazarbayevin bu təklifinə hələlik rəsmi reaksiya verməyib. O halda sual yaranır: bizim Avrasiya İB-də müşahidəçi olmağımız mümkündürmü?
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu təklifi irəli sürən Nazarbayev Azərbaycanı sevən çox müdrik bir siyasətçidir: “Bu baxımdan da, onun tövsiyələrini nəzərə almaq lazımdır. Açığını deyim ki, Ermənistanla bütün problemlərimiz həll edilməyincə Avrasiya İB-yə getməyinə dəyməz. Hətta müşahidəçi statusunda olsa belə. Əgər Ermənistanla kommunikasiyalar açılarsa, sərhədlərin demarkasiya və delimitasiyası başa çatarsa, böyük sülh sazişi imzalanrsa, bu məsələ gündəliyə gələ bilər. Çünki həmin təşkilatda Qazaxıstan, Özbəkistan kimi türkdilli ölkələr təmsil olunur. Ola bilsin ki, Türkmənistanı da neytrallıqdan çıxarıb ora daxil etsinlər. Hər halda, bu məsələ gündəmə gələ bilər. Mən Azərbaycanın siyasi rəhbərliyinin mövqeyinin necə olduğunu deyə bilmərəm. Şəxsi fikrim budur ki, Azərbaycan Ermənistanla sərhədlərin dəqiqləşdirilməsini başa çatdırsa və onlar bizm ərazi bütövlüyümüzü tanısa bu müracəti etmək yerinə düşər. Əminəm ki, məsələ müsbət həllini tapar. Postsovet məkanındakı ölkələrlə iqtisadi əlaqələri genişləndirmək baxımından Avrasiya İttifaqı tribunasının bizə müsbət təsiri ola bilər. Təklifin Nazarbayevdən gəlməsinin başqa vacib tərəfi də var. Məsələ ondadır ki, 2014-cü ildə Ermənistan Aİİ-yə üzv olanda Prezident İlham Əliyevin göndərdiyi məktubu o zaman Qazaxıstan prezidenti olan Nursultan Nazarbayev tədbir iştirakçılarının diqqətinə çatdırdı. Məktubun məzmunu belə idi ki, Ermənistanı quruma qəbul edərkən Azərbaycanın ərazi bütövlüyü prinsipinə əməl olunmalıdır. Deməli, Nazarbayev hər zaman bizim mövqeyimizi həmin təsisatda ifadə edibsə, onun verdiyi təklif də tam səmimidir”.
Məhəmmədəli QƏRİBLİ