ABŞ Dövlət Departamentinin rəsmisi Ned Prays həbsdə olan keçmiş icra başçısı Saleh Rüstəmli ilə bağlı Tvitter səhifəsində narahatlığını ifadə edən mətn yayıb.
N.Praysın statusunda bildirilir: “Saleh Rüstəmovun vəziyyətinin pisləşməsi ilə bağlı xəbərlər bizi çox narahat edir. Adekvat tibbi yardım ala bilməsi üçün Azərbaycan onu humanitar əsaslarla azad etməlidir. O, 35 gündür aclıq aksiyası keçirir və ölümə yaxındır”.
Məlumat üçün qeyd edək ki, 1 oktyabrda Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili Tiflisdə həbs edilib və həmin gündən də aclığa başlayıb.
Saakaşvili Ukrayna Milli İslahatlar Şurası İdarə Heyətinin sədridir, Ukrayna vətəndaşıdır!
Saleh Rüstəmovu aclığının 35-ci günü yada salan Ned Prays Saakaşvilinin aclıq aksiyasının yalnız 43-cü günündə bunları deyib:
“Vaşinqton Gürcüstan hakimiyyətini sabiq prezident Mixeil Saakaşvili ilə ədalətli və ləyaqətli şəkildə, beynəlxalq normalara uyğun davranmağa çağırır. ABŞ baş verənləri izləyir və Gürcüstan hakimiyyətini Saakaşvilinin fiziki və mənəvi sağlamlığı üçün tədbirlər görməyə dəvət edir. Vaşinqton Saakaşvilinin adekvat tibbi yardım almasına şərait yaradılacağını gözləyir”.
Göründüyü kimi, ABŞ rəsmisi, nədənsə, dünyaca şöhrətli Saakaşvilinin deyil, məhz Saleh Rüstəmovun azad olunmasını tələb edir. Bu ayrıseçkiliyin kökündə başqa hansı səbəblər dura bilər?
Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvü, hüquq müdafiəçisi Rauf Zeyni “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ABŞ və bir sıra Qərb ölkələrinin bəzi məsələlərlə bağlı öz mövqeləri var və daima proseslərə ikili standartlara yanaşırlar: “Xüsusilə də Azərbaycanla bağlı məsələyə daha qərəzli yanaşırlar. Görürsən ki, Gürcüstanda, Ermənistanda və ya Azərbaycanda baş verən eyni məzmunlu hadisəyə tam fərqli mövqe ortaya qoyurlar. Biz 30 illik müstəqilliyimiz dönəmində belə ikili standartla olan münasibətlərin çox şahidi olmuşuq. Daima bu ikili standartlardan şikayət etmişik. Gördüklərimiz göstərir ki, onlar bu mövqelərindən qətityyən kənara çəkilmək niyyətində deyillər. Saakaşvili ilə Saleh Rüstəmli arasında aparılan paralel bunu bir daha sübut edir. Onların verdiyi tövsiyə Azərbaycana qarşı olan təzyiq və təsir vasitəsidir. Amma dəfələrlə bəyan etmişik ki, bizimlə təzyiq və təhdid dilində danışmaq yersizdir. Azərbaycan güclü və xüsusi çəkiyə malik olan ölkədir. Saleh Rüstəmli ilə bağlı məsələ diqqət mərkəzindədir. Dövlətlə hədə dilində danışıb, kimisə həbsdən buraxdırmaq doğru taktika deyil. Heç Azərbaycan da buna getməz. Kiminsə həbsdən azad edilməsi yalnız hüquqi prosedurlar əsasında baş tuta bilər. Saakaşvili dünyada Saleh Rüstəmlidən daha çox tanınır. Niyə onun deyil, məhz Rüstəmlinin dərhal azad edilməsi tələb olunur? Məsələ tam aydındır”.
Rauf Zeynin sözlərinə görə, Rüstəmli 2019-cu ilin 27 fevralında cəza alıb, ancaq 2021-ci ilin noyabrında aclıq aksiyası keçirib, azad olunmasını istəyir. Bəs, cəza alanda niyə etiraz etmirdi? Nə baş verdi ki, 2,8 ildən sonra qəfil aclıq etmək qərarına gəldi? Nə baş verdi ki, ölkədən xaricdə mənzillənənlər onun müdafiəsi üçün bu qədər “böyük kampaniya” qurdular, ATƏT-ə, Dövlət Departamentinə qədər bu məsələ uzandı? ABŞ-ın reaksiyasındakı fərq bu suallara tam cavab vermiş olur”.
Məhəmmədəli QƏRİBLİ