Son günlərdə Ermənistan tərəfinin sərhəddə fəallığı yenidən artmaqdadır. Belə ki, dekabrın 8-dən başlayaraq, Ermənistan silahlı qüvvələri ardıcıl olaraq ordumuzun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərinə qarşı təxribatçı hərəkətlərə yol verirlər.
Ermənistan tərəfinin bu cür addımları Brüssel görüşünə günlər qaldığı bir vaxtda atması isə İrəvanın planlı şəkildə təxribatlara yol verməsi ehtimallarını daha da artırıb. Ermənistanın sərhəd təxribatlarının əsas səbəbinin həm də Rusiyanın atəşkəs mexanizminə yaxşı qarantorluq edə bilməməsi görüntüsünü yaradıb, prosesə Minsk Qrupunun cəlbi məsələsini Brüssel görüşündə səsləndirmək ola bilərmi?
Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanın bu addımları sırf Brüssel görüşünü sabotaj etməyə hesablanıb: “Bu, Ermənistanın ənənəvi siyasətidir. Mühüm görüşlər ərəfəsində təxribatlara əl atırlar ki, sonradan Azərbaycanı ittiham edərək görüşün ahəngini pozsunlar. Görüşdə hər hansı vacib problemlərin həlli və müzakirəsi zamanı müəyyən destruktiv çalarlarla dialoqu başqa istiqamətə yönəltsinlər. Son nəticədə də öz üzərlərinə düşən öhdəlikləri yerinə yetirməməyə çalışırlar. Bu, eyni zamanda beynəlxalq icmanın və görüşü təşkil edən vasitəçilərin gündəliyini pozmaq məqsədi güdür. Bundan əlavə, Ermənistan prosesə Minsk Qrupunun cəlbini məhz sözügedən görüşdə qaldırmaq istəyir. Atəşkəsə nəzarət mexanizminə onların cəlbinə çalışır”.
Politoloqun sözlərinə görə, ermənilərin bu cür destruktiv addımları başqa sahələrdə də özünü göstərir:
"Soçidə keçirilən üçtərəfli görüşdə Rusiya Paşinyanla nəzərdə tutulan məsələlərin həllində gözlədiyi nəticəni ala bilmədi. Paşinyan məcburiyyət qarşısında qalaraq Soçiyə getmişdi və ondan ciddi addımlar gözləmək sədəlövhlük olardı. O, həlledici məsələləri Brüsseldə müzakirə etmək və razılığa gəlmək üçün saxlayırdı. Bu isə indiki şəraitdə, yəni Rusiya ilə Avropa Birliyi arasında müxtəlif sahələr üzrə qarşıdurmanın ən yüksək həddə olduğu bir vaxtda Kreml rəhbərliyi tərəfindən heç qəbuledilən deyil. Paşinyana müxalif olan qüvvələr - Robert Köçəryan, Serj Sarkisyan fəaliyyətə keçiblər. Onların ilk addımı iki ölkə xarici işlər nazirlərinin Stokholmda keçirilməsi nəzərdə tutulan görüşə qarşı oldu. Onlar bu tapşırığın öhdəsindən "uğurla” gəldilər. "Ermənistan” parlament fraksiyasının deputatlarının qanunsuz olaraq Azərbaycan ərazisinə səfəri xarici işlər nazirlərinin görüşünün keçirilməsinin qarşısını aldı. Bundan ruhlanan ermənilər növbəti addımları kimi Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında dekabrın 15-də Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşün qarşısını almaq üçün fəaliyyətə keçiblər. Bunun üçün iki ölkə arasındakı sərhəddə genişmiqyaslı təxribatdan tutmuş Rusiya sülhməramlıəlarının nəzarəti altında olan ərazilərdən Azərbaycan əsgərlərinə qarşı hücuma qədər müxtəlif hərəkətlər edirlər.
Bu siyasət ermənilərə heç vaxt uğur gətirməyib. İndi də gətirməyəcək. Düşünürəm ki, Azərbaycan Brüssel görüşünə əsaslı dəllilərlə gedəcək və Ermənistanın bu dəst-xəttini pozacaq”.
Məhəmmədəli QƏRİBLİ