Rusiya Prezidenti Vladimir Putin deyib ki, Ukrayna hələ də SSRİ-dən qalan xarici əmlakı Rusiyaya verməyib: “90-cı illərdə Rusiya xarici maliyyə qaynağı olmadan sosial-iqtisadi məsələləri həll edə bilməzdi. Və Rusiya 90-cı illərdə çoxlu borc götürdü. Birincisi, biz 1993-cü ildə bütün ittifaq respublikalarının əvəzinə SSRİ-nin borclarını qaytarmağı üzərimizə götürdük".
Putin bunu nə üçün etdiklərini belə izah edib: “Rusiya bunu ona görə etdi ki, respublikalar SSRİ-dən qalan xarici aktivləri ona qaytaracaq. Hamının əvəzinə borcları ödədik, amma heç də hər kəs xarici aktivlərini bizə verməklə bağlı öhdəliyi yerinə yetirmədi. Məsələn, Ukrayna hələ də bunu etməyib”.
Putin 30 il əvvələ bu şəkildə ekskurs etməklə əslində nə demək istəyir?
Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, nədənsə, Putin 30 il keçəndən sonra keçmiş SSRİ-nin borclarını və aktivlərini yada salıb: “Deyib ki, borcları ödədik, ancaq keçmiş ittifaq respublikaları aktivlərin hamısını bizə qaytarmadı. Yəqin ki, düz deyir. Çünki ötən əsrin 90-cı illərində nə Rusiya əməlli idarə olunurdu, nə də keçmiş ittifaq respublikaları öz aktivlərini geri qaytarmaq barədə düşünürdülər. Həmin gərgin dönəm hamımızın yaxşı yadındadır. SSRİ-nin borclarının ödənilməsinə Putin maraqlı izah verir. Deyir ki, reytinqlərinin qorunub saxlanması üçün bunu ediblər. Ukraynanın adını çəksə də, borclu olduğunu iddia edən digər respublikaların adını çəkmir. Görünür, Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin səbəblərini əsaslandırmaq üçün bir neçə başqa bəhanə də axtarıb tapmağa çalışacaq. Deyə bilər ki, həmin vaxt Kravçuk Yeltsinə niyə salam verməyib. Putunlə Baydenin görüşü də gözlənilən nəticəni vermədi. Baydenin hədələri, Rusiyanı qorxutmaq cəhdi uğursuzluğa düçar oldu. Rus jurnalistin əvvəlcədən planlaşdırılmış “Rusiya Ukraynaya nə vaxt hücum edəcək” kimi sualına Putin “Rusiyanın belə bir fikri yoxdur” şəklində cavab vermədi. Bu da, görünür. Ukraynanı qorxutmaq üçün edilən bir jest idi. Əslində Ukraynaya açıq hərbi müdaxilə gözlənilən deyil. Ancaq Rusiya bəzən gözlənilməz addımlar da ata bilir. Hər halda, hadisələrin gərginləşməsi prosesi davam edir. Rusiya rəsmi Kiyevi gərginlikdə saxlamağa davam edir. Qərbin əlində elə bir real mexanizm görünmür. Onlar yalnız Rusiyanı hədələmək, Ukraynaya isə yardım etməklə məşğuldurlar. Heç o yardım da arzuolunan səviyyədə deyil. Ümid edək ki, hərbi əməliyyatlar başlamayacaq. Çünki bu, Azərbaycan üçün də problemlər yarada bilər. Azərbaycan hərbi əməliyyatların başlanmasında qəti maraqlı deyil. Biz çox istəyirik ki, sülh sazişinin imzalanmasına kimi belə bir hadisə olmasın. Sonda belə bir nəticəyə gəlirik ki, Putinin 30 il əvvələ ekskurs etməsi iqtisadi səbəbdən çox, Ukraynanı gərginlikdə saxlamaq mahiyyəti daşıyır”.
Məhəmmədəli QƏRİBLİ