Məlum olduğu kimi, “Media haqqında” yeni qanun layihəsi Milli Məclisin və medianın müzakirəsinə verilib. Qanunun mahiyyəti və həssaslığı nəzərə alınmaqla, normayaratma prosesində çoxsaylı media nümayəndələri və ekspertləri ilə fikir mübadiləsi aparılıb. Normativ-hüquqi aktın layihəsinin 800-ə yaxın media subyekti, jurnalist və ekspertlə müzakirəsi təşkil olunub.
Tarixi qələbəmizlə yekunlaşan Vətən müharibəsinin başa çatmasından qısa müddət sonra Prezident tərəfindən “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın imzalanması və “Media haqqında” qanun layihəsinin hazırlanması barədə tapşırığın verilməsi milli informasiya məkanında davamlı inkişafa nail olunmasının dövlət üçün prioritet təşkil etməsinin göstəricisidir. “Media haqqında” qanun Azərbaycan mediasının inkişafı üçün yeni imkanlar və yeni mərhələ deməkdir.
Maraqlıdır, bəs partiyalar media ilə bağlı hazırlanan yeni qanunu necə dəyərləndirir?
Elşad Musayev: “Niyyət odur ki, media müəyyən çərçivəyə salınsın”
Məsələyə münasibət bildirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin fikrincə, elə etmək lazımdır ki, media azad olsun: “Yeni hazırlanan qanun da buna xidmət etməlidir. Ancaq ilkin müşahidələr onu göstərir ki, media ilə bağlı müəyyən çərçivələr var. Niyyət odur ki, media müəyyən çərçivəyə salınsın. Hesab edirəm ki, belə yanaşma doğru deyil. Çünki media müəyyən çərçivəyə salınacaqsa, o zaman cəmiyyətdə azadlıq olmayacaq. Bu baxımdan partiya sədri olaraq mən belə yanaşmadan razı deyiləm. Hesab edirəm ki, qanun parlamentdə qəbul olunarkən bütün bunlar nəzərə alınmalıdır. Elə etmək lazımdır ki, yeni qanun medianın buxovlanmasına xidmət etməsin”.
Arzuxan Əlizadə: “Müasir dövrün tələblərinə uyğun, demokratik qanun qəbul olunacaq”
AMİP sədri Arzuxan Əlizadə isə hesab edir ki, indidən konkret fikir bildirmək çətindir: “Ona görə ki, qanun müzakirə mərhələsindədir. Qanunla bağlı müxtəlif fikirlər səsləndirilir, yanaşmalar ortaya qoyulur. Ümid edirəm ki, müzakirələrdə irad doğuran məqamlar təkmilləşdiriləcək. Müasir dövrün tələblərinə uyğun, demokratik qanun qəbul olunacaq. Bütün hallarda çalışmalıyıq ki, azad cəmiyyətin maraqlarına xidmət edən qanun qəbul olunsun”.
Vidadi ORDAHALLI