Azərbaycan Avrasiya İqtisadi İttifaqında müşahidəçi ola bilər. Bunu Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev Avrasiya İqtisadi İttifaqının Yüksək Şurasının iclasında deyib.
N.Nazarbayev bunu belə əsaslandırıb: “Azərbaycanla Ermənistan arasında münasibətlərin qurulmasını ürəkdən alqışlayıram. Eyni zamanda, əvvəllər deyildiyi kimi, Azərbaycanın Avrasiya İqtisadi İttifaqında müşahidəçi olması üçün danışıqlar aparmağı mümkün hesab edirəm. Özbəkistan nümunəsi bu məsələdə kömək edə bilər”.
Tədbirdə Nazarbayevdən sonra çıxış edən Ermənistanın Baş naziri Nikol Paşinyan bu təklifə münasibət bildirməyib. Ancaq N.Nazarbayevin məlum təklifi erməni mediasında ciddi həssaslıqla qarşılanıb. Bununla bağlı müəyyən fikirlər irəli sürülüb. Paşinyanın Nazarbayevin təklifinə cavab verməməsini, 2014-cü ildə o vaxtkı prezident Serj Sarkisyanın cavab verməməsi ilə müqayisə edib uğursuz paralellər aparırlar.
Məsələ ondadır ki, 2014-cü ildə Ermənistan Aİİ-yə üzv olanda Prezident İlham Əliyevin göndərdiyi məktubu o zaman Qazaxıstan prezidenti olan Nursultan Nazarbayev tədbir iştirakçılarının diqqətinə çatdırdı. Məktubun məzmunu belə idi ki, Ermənistanı quruma qəbul edərkən Azərbaycanın ərazi bütövlüyü prinsipinə əməl olunmalıdır. Yəni, Qarabağdakı separatçılar Aİİ-nin imkanlarından yararlanmamalıdırlar. İndi iddia edirlər ki, guya o zaman S.Sarkisyan Nazarbayevin çağırışına fikir vermədi və Ermənistan quruma üzv oldu. Ancaq əslində bu, fikir tamamilə yalandır. Çünki Nazarbayevin təklifi keçdi. Aİİ-nin bəyanatında İlham Əliyevin müraciəti nəzərə alındı. Bəyanatda qeyd edildi ki, Ermənistanın Aİİ-yə daxil olması Azərbaycanın ərazi bütövlüyü prinsipinin pozulması demək deyil. Bu o demək idi ki, bunun Qarabağa aidiyyəti yoxdur. İndi də uğursuz paralellər aparırlar ki, Paşinyan Nazarbayevin çağırışına əhəmiyyət vermədi. Hardan əminlik var ki, Paşinyan buna görə narahat deyil? Nəzərə almaq lazımdır ki, sözügedən məsələ ilə bağlı bir sıra müzakirələr aparılmalıdır, Azərbaycanın belə bir istəyinin olub-olmaması bəlli olmalıdır. Ermənistanın səs sahibi olması o demək deyil ki, çox rahat şəkildə bu məsələyə mane ola bilər.
Maraqlıdır bəs ekspertlər bunu necə dəyərləndirir?
Məsələyə münasibət bildirən Yeni Yol Partiyasının sədri Ramil Hüseynovun fikrincə, prinsipcə, Ermənistan sona qədər buna mane ola bilməz: “Düzdür, Aİİ-də qərarlar konsensus əsasında qəbul olunur. Üzv ölkələrdən biri veto qoyarsa, bu mümkün olmayacaq. Ancaq məsələyə təkcə Aİİ-nin nizamnaməsinə uyğun olaraq Ermənistanın veto qoymaq səlahiyyəti çərçivəsində yanaşmaq doğru deyil. Buna daha geniş müstəvidən yanaşmaq lazımdır. Məsələ ondadır ki, Ermənistan 6-lıq formatı çərçivəsində iştirak etməyə qərar verib. Başqa bir tərəfdən Azərbaycanla Ermənistan Müstəqil Dövlətlər Birliyində təmsil olunurlar. Zəngəzur dəhlizinin açılması ilə əlaqədar proses gedir. Dəhliz və digər kommunikasiyalar açılandan sonra Ermənistanın bunu əngəlləyə biləcəyi real görünmür. Üstəlik Ermənistanda hamı yaxşı bilir ki, Aİİ-də təmsil olunan dövlətlər Azərbaycanla çox yaxşı münasibətlərə malikdir. Bu səbəbdən sona qədər hansısa maneə yarada biləcəklərini düşünmürəm. Başqa bir tərəfdən, Azərbaycanın Aİİ-də təmsil olunmaq niyyəti indiyəcən olmayıb. Daha çox bu birliyin üzvləri, əsasən də Qazaxıstan və Rusiya istəyir ki, Azərbaycan orada təmsil olunsun. Bu baxımdan erməni tərəfinin müqayisələri qüsurludur”.
Partiya sədri onu da qeyd etdi ki, bu kimi məsələlərdə milli maraqlardan çıxış edərək qərar vermək lazımdır.
Vidadi ORDAHALLI