Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonu ərazisində əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirməklə növbəti təxribata əl atıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qarşı tərəf Kəlbəcər rayonu ərazisində yerləşən Azərbaycan Ordusunun mövqelərini atəş altında saxlamağa cəhd edib.
Bölmələrimiz tərəfindən qısa müddət ərzində görülən cavab tədbirləri nəticəsində qarşı tərəf susdurularaq, onun təxribat xarakterli fəaliyyətləri dayandırılıb. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Ermənilərin bu təxribatları nəyə hesablana bilər?
Politoloq Elşən Mustafayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Brüsseldə olacaq 15 dekabr görüşü ərəfəsində İrəvandakı revanşist qüvvələr vəziyyəti yenidən gərginləşdirməyə çalışırlar: “Bunun üçün atəşkəsin pozulması və hərbi təxribatlardan istifadə edirlər. Yaşanan bu hadisə Brüssel görüşünün də baş tutmasının hər an sual altına düşə biləcəyi ehtimalını gücləndirir. Nəzərə alaq ki, bu görüş Rusiyanın vasitəçiliyindən kənarda Avropa İttifaqı meydançasında keçiriləcək və Brüssel Avropanın siyasi paytaxtı sayılır. Brüssel görüşü öncəsi Azərbaycan tərəfinə minalanmış ərazilərin xəritələrinin verilməsi onu göstərdi ki, Rusiya tərəfi Avropa İttifaqı meydançasında keçiriləcək görüşün əhəmiyyətini bir qədər də azaltdı. Avropa İttifaqının təşkil etdiyi görüş humanitar məqsədli qərarın - əsirlərin qarşılığında mina xəritələrinin verilməsi barədə qərarın qəbulu ilə nəticələnəcəkdisə, artıq Brüsselin əlindən bu da alınmış oldu. Qərbə meylli olan Paşinyan bu addımları ilə həm də Minsk Qrupunun əhəmiyyətinin artırılması üçün atır. Dünyaya sübut etmək istəyir ki, atəşkəsə nəzarəti gücləndirmək üçün mütləq mənada Minsk Qrupuna ehtiyac var. Azərbaycan Minsk Qrupunun fəaliyyətinin bərpasını istəmədiyi üçün Ermənistan belə zəmin yaratmaq istəyir. Eyni zamanda bununla sübut etmək istəyirlər ki, Rusiyanın atəşkəsə verdiyi zəmanət etibarlı deyil”.
Məhəmmədəli QƏRİBLİ