Məlum olduğu kimi, ABŞ-ın təşəbbüsü ilə “Demokratiya sammiti” başlayıb. Sammitdə Ermənistan da iştirak edir. Bundan sui-istifadə edən Baş nazir Nikol Paşinyan tədbirdə çıxışı zamanı aşırı populist fikirlər səsləndirib. Ələlxüsus da yalanların dozasını daha da artırıb.
Paşinyan ölkədə bir sıra həlli vacib problemlərdən danışmaq əvəzinə iddia edib ki, guya ən böyük problemləri xaricdən təhdid təhlükəsi ilə bağlıdır: “Biz demokratik təsisatları gücləndirməklə Ermənistanda demokratiyanın gücləndirilməsinə sadiqik. Şəffaflıq və hesabatlılığı nəzərə alaraq, biz idarəetmə islahatları planlaşdırırıq və həm Ermənistanda, həm də xaricdəki tərəfdaşlarımız arasında etimad yaradacaq siyasətlər həyata keçiririk. Demokratiyamızı gücləndirmək axtarışımızda bir çox problemlərlə qarşılaşırıq. Bizim üçün ən böyük problem təhlükəsizliyimizə hərbi təhdidlərdir. Başqa bir problem ölkə daxilində demokratiya uğrunda mübarizədir. Təhdidlər sərhədlərimizdən kənardan gələndə bu problem daha da çətinləşir. Əgər biz bütün dünyada demokratiyanın cəlbediciliyini bərpa etmək istəyiriksə, birlikdə mübarizə aparmaq üçün qüvvələrimizi birləşdirməliyik”.
Göründüyü kimi, Paşinyan belə təəssürat yaratmağa çalışıb ki, guya Azərbaycandan ciddi təhdid var və bu, digər məsələlərin həllinə mane olur.
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun fikrincə, Paşinyanın belə iftira xarakterli ittihamla çıxış edəcəyi gözlənilən idi: “Əvvəla, Paşinyan belə tədbirlərdən maksimum təbliğat məqsədi üçün bir tribuna kimi istifadə edir. Bundan əvvəl də bunun şahidi olmuşuq. Bu dəfə fərq ondan ibarətdir ki, “Demokratiya sammiti”ndə Azərbaycan iştirak etmir. O üzdən, elə həmin tədbirdə Paşinyanın yalanlarını ifşa etmək imkanı olmadı. Azərbaycan ötən il güc yolu ilə işğalda olan ərazilərin böyük hissəsini azad edib. Biz Ermənistan ərazisinə daxil olmamışıq. Ancaq son aylar Ermənistan davamlı şəkildə Azərbaycanla sərhəddə təxribatlar törədərək belə bir görüntü yaratmağa çalışır ki, guya ölkə ciddi təhdid altındadır. Məsələnin mahiyyəti bununla bağlıdır. Ermənistanın ən başlıca problemi qonşu ölkələrin ərazilərinə iddia etməsi ilə əlaqədardır. Belə xəstə yanaşmanın nəticəsi olaraq illərdir Ermənistanda sosial-iqtisadi, demoqrafik və digər problemlər həllini tapmır. Ermənistan üçün kənardan hansı “hərbi təhdiddən” söhbət gedə bilər ki? Bu ölkə KTMT-də təmsil olunur. Vətən müharibəsi vaxtı da Azərbaycan Ordusu Ermənistan ərazisinə daxil olmadı. Bütün bunlar Paşinyanın sammitdə irəli sürdüyü fikirlərin həqiqətə söykənmədiyini sübut edir”.
Partiya funksioneri onu da qeyd etdi ki, Ermənistanın gələcəyi bu ölkənin ərazi iddialarından əl çəkməsindən keçir.
Vidadi ORDAHALLI