Azərbaycanda “Media haqqında” qanun layihəsinin hazırlanmasında məqsəd informasiya təhlkəsiziliyini artırmaq, medianın fəaliyyətini inkişaf etdirmək və stimullaşdırmaqdır.
Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İnsan hüquqları komitəsinin birgə iclasında qanun layihəsinin müzakirəsi zaman deyib.
Ə.İsmayılov bildirib ki, media islahatları və onun əsas tərkib hissəsi olan “Media haqqında” qanun layihəsinin hazırlanması dövlətin siyasi iradəsini təcəssüm etdirir.
O vurğulayıb ki, “Media haqqında” qanun Azərbaycan mediasının inkişafı üçün yeni imkanlar və yeni mərhələ deməkdir: “Yeni qanun layihəsi media subyektlərinin dəqiq təsnifatını verir və eyni zamanda jurnalistin sosial portretini müəyyənləşdirən vasitə kimi çıxış edir. “Media haqqında” qanun layihəsi dövlət-media münasibətlərində əsas elemetlərdən biri kimi hüquqi mənzərənin dəqiqləşməsinə öz töhfəsini verəcək”, - deyə Ə.İsmayılov bildirib.
Ə.İsmayılov qanun layihəsinə əsasən, media reyestrinin yaradılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb: “Reyestr jurnalistlərin və media subyeklərinin dairəsini müəyyənləşdirməklə onların inkişafına dəstək verəcək. Reyestrə daxil edilmiş jurnalistlərə vəsiqənin verilməsi nəzərdə tutulur. Media reyestrinə daxil edilmiş jurnalistlərə vahid jurnalist vəsiqəsinin təqdim olunması könüllülük prinsipi əsasında həyata keçirilsə də, media mühitinin sağlamlaşmasına müsbət təsir göstərəcək” - deyə Ə.İsmayılov bildirib.
Azərbaycanda media barəsində qanunvericiliyin qəbulundan 20 il keçib, müəyyən dəyişikliklər olsa da, bir sıra məqamlar açıq qalmışdı. “Media haqqında” yeni qanun layihəsi həmin açıq məqamları nəzərə alıb.
Bunu isə Mətbuat Şurasının sədri Əflatun Amaşov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan hüquqları komitələrinin birgə keçirilən iclasında “Media haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxışında deyib.
Ə.Amaşov vurğulayıb ki, yeni sənəddə onlayn media geniş anlamda media subyeklətlərinə daxil olub.
O qeyd edib ki, bir çox şəxs öz mənafeyinə görə qəzet və ya sayt açırdı və onlara təzyiq göstərmək mümkün deyildi: “Ona görə də çap mediası ilə bağlı qanun layihəsinə əlavə edilən hissə çox alqışlanandır. Hətta ayrı-ayrı dövlət qurumlarının da öz saytları olurdu. Buna görə də öz xəbərlərini hansısa qəzetə reklam qarşılığında vermək istəmirdilər. Özləri qəzet çap etdirib xəbərlərini məhz orada dərc etdirirdilər. Yeni layihədə dövlət qurumlarının özlərinin hər hansısa sayt yarada bilməmələri ilə bağlı müddəa yer alıb. Bir misal da çəkim ki, əvvəl Naxçıvan adında 20-dən çox qəzet vardı. Artıq yeni layihədə bunların qarşısının alınması nəzərdə tutulur. Qanunun əsas mahiyyəti reyestrin yaradılmasının qabarıq formada göstərilməsidir,” - deyə Ə.Amaşov vurğulayıb.
Onun sözlərinə görə, bu gün rəsmi statistikaya görə ölkədə 6000-ə yaxın KİV fəaliyyət göstərir: “Ayrı-ayrı insanlar özləri üçün sayt və qəzet açıb ayda bir dəfə fəaliyyət göstərirlər. Qəzetləri də qoltuğuna vurub müəssisə-müəssisə gəzirlər. Reyestrin olması bu kimi halların qarşısını almış olacaq. Digər mühüm məqam vəsiqələrin verilməsi ilə bağlıdır. Bu gün ölkədə cibində jurnalist vəsiqəsi gəzdirən 25 mindən çox şəxs var. Bəlkə də bundan sonra vəsiqələrin sayı 2000-dən çox olmayacaq”, - deyə Ə.Amaşov qeyd edib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə bildirib ki, “Media haqqında” yeni qanun layihəsi çox mükəmməl hazırlanıb.
O bildirib ki, bundan sonrakı dövrdə parlament media ilə təmasda olacaq.
“Bu qanun layihəsi üç oxunuşda Milli Məclisdə qəbul ediləcək. Qanun layihəsinin qəbulu dövründə biz media ilə əməkdaşlığımızı elə edəcəyik ki, qanunvericilik baxımından mükəmməl bir qanun layihəsi qəbul olunsun”, - deyə Ə.Hüseynli bildirib.
Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Medianın İnkişafı Agentliyi (MEDİA) “Media haqqında” Qanun layihəsinin ictimai müzakirəsinin təşkili ilə bağlı bir sıra media nümayəndələri tərəfindən ifadə edilən fikirlərə münasibət bildirib.
MEDİA-nın açıqlamasında deyilir:
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 9.2-ci maddəsində normayaratma orqanının qərarı ilə normativ hüquqi aktın layihəsinin açıq (ictimai və ya peşəkar) müzakirəyə çıxarıla biləcəyi göstərilir.
“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsində Azərbaycan Respublikasının Konstitusiyasının 96-cı maddəsinin I hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilən qanun layihələrinə dair ictimai dinləmə və ictimai müzakirənin Azərbaycan Respublikası Milli Məclisinin Aparatı tərəfindən təşkil edildiyi təsbit olunmuşdur.
“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 29.1.10-cu maddəsində isə informasiya sahibinin normativ hüquqi aktların layihələri razılaşdırmaya və ya təsdiq olunmağa göndərildiyi andan onları açıqlamaq vəzifəsi müəyyən edilmişdir.
Qeyd olunan normaların məzmunundan göründüyü kimi qanun layihələrinin, o cümlədən “Media haqqında” Azərbaycan Respublikası Qanunu layihəsinin ictimai müzakirəsinin təşkil edilməsi normayaratma orqanının, yəni Azərbaycan Respublikasının Milli Məclisinin səlahiyyətindədir, müvafiq layihələr ya razılaşdırılmaya ya da təsdiq olunmağa göndərildiyi andan açıqlanmalı olduğundan Milli Məclis bu istiqamətdə müddəaların yerinə yetirilməsi məqsədilə qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olaraq “Media haqqında” qanun layihəsini açıqlamış, onu media nümayəndələrinin, ekspertlərin, vətəndaş cəmiyyəti institutlarının və bu məsələdə ictimai marağı olan digər şəxslərin müzakirəsinə təqdim etmişdir.
Məlumat üçün bildiririk ki, hal-hazırda müvafiq qanun layihəsinin mətni ictimaiyyətin geniş müzakirəsindədir və onun ayrı-ayrı normalarının mahiyyəti, məqsədəuyğunluğu ətrafında çoxsaylı media nümayəndələri və ekspertlərini əhatə edən qarşılıqlı fikir mübadiləsi aparılmaqdadır".