Məlum olduğu kimi, yeni "Media haqqında" qanun hazırlanır. Qanun Azərbaycan ərazisində təsis olunmuş media subyektləri, redaksiyalar və onların məhsullarına, eyni zamanda Azərbaycanın hüdudlarından kənarda olan, fəaliyyəti Azərbaycan ərazisinə və auditoriyasına istiqamətlənmiş bütün subyektlərə, Azərbaycandan kənarda yaradılan media məhsullarının yalnız Azərbaycan ərazisində yayılmış hissəsinə və jurnalistlərə şamil olunacaq.
Media subyekti əsas fəaliyyət növü kütləvi informasiyanın dərc olunması və ya yayımlanması olan fiziki və ya hüquqi şəxsdir. Redaksiya isə veb saytlar, qəzetlər və digər dövri nəşrlərin, habelə televiziya və radio kanallarının və sifarişli yayım xidmətinin yaradıcı heyətindən ibarət bölmədir.
Layihəyə əsasən, kütləvi informasiyanın əldə olunması, ötürülməsi, istehsalı və yayımı fəaliyyətini təsadüfi və qeyri-müntəzəm şəkildə həyata keçirən, əsas istiqaməti media sahəsində fəaliyyətin həyata keçirilməsi olmayan subyektlər media subyekti hesab edilməyəcəklər.
Ümumilikdə, “Media haqqında” qanun layihəsi dövlət-media münasibətlərində əsas elemetlərdən biri kimi hüquqi mənzərənin dəqiqləşməsinə öz töhfəsini verəcək. O baxımdan bunun əhəmiyyətini ekspertlər necə dəyərləndirir? Yeni qanun dövlət-media müstəvisində hüquqi mənzərəni necə dəqiqləşdirəcək?
“Jurnalistikadan sui-istifadə halları demək olar aradan qalxacaq”
Sözügedən məsələyə aydınlıq gətirən media eksperti Azər Həsrət buna bir neçə aspektdən yanaşdı: “Uzun illərdən sonra media üçün belə bir ortaq, ümumi qanunun qəbul edilməsi təqdir olunmalıdır. İkinci bir tərəfdən bu qanun bir çox qaranlıq məsələlərə işıq tutacaq. Üçüncü bir tərəfdən media sahəsindəki hərcmərclik aradan qalxacaq. Dördüncüsü, jurnalistəm deyib hər meydana atılanın qarşısı alınacaq. Jurnalistikadan sui-istifadə halları demək olar aradan qalxacaq. Nəticə etibari ilə mediada yaxşı bir keyfiyyət dəyişiklikləri baş verəcək. Yəni, jurnalistika sözügedən qanunun qəbulundan və icraya yönəldilməsindən sonra həqiqətən çox ciddi bir keyfiyyət dəyişikliyinə gəlib çıxacaq”.
Bu baxımdan media eksperti hesab edir ki, yeniliklər dövlət-media münasibətlərinin tənzimlənməsinə töhfə verəcək.
Vidadi ORDAHALLI