Pakistan ABŞ-ın “Demokratiya sammiti”nə dəvətini qəbul etməyib. Bu barədə Pakistanın mətbuatı ölkənin Xarici İşlər Nazirliyinin mənbələrinə istinadla məlumat verib. Bildirilib ki, Pakistan hökuməti ABŞ-ın bugünlərdə keçirəcəyi “Demokratiya sammiti”nə qatılmamamasının üzrlü səbəblə bağlı olduğunu bildirib.
Qeyd edək ki, Pakistanla ABŞ arasında soyuq münasibətlər əsasən Əfqanıstanla və Çinlə əməkdaşlıqla bağlıdır. ABŞ prezidenti Co Bayden seçiləndən indiyə qədər Pakistan baş naziri İmran Xanla danışımayıb. Bundan əlavə, ABŞ bir müddət əvvəl bölgədə iqlim dəyişikliyi ilə bağlı toplantıya da rəsmi İslamabadı dəvət etməyib. Bir çox qlobal tədqiqat mərkəzləri ABŞ prezidenti Cozef Baydenin təşəbbüsü ilə keçirilən virtual “demokratiya sammiti”ni təhlil edib. Tədbirə dəvət alan dövlətlərdən hər birini araşdırıb, qeyri-adi görünən məqamların üzərində dayanılıb. Bir çox təşkilatlar tərəfindən hazırlanan və “Baydenin demokratiya sammitində kimlər var?” başlığı ilə təqdim edilən analitik yazılarda tədbirin əhəmiyyəti ilə bağlı birmənalı münasibət yoxdur. Bir sıra ölkələrin qatılmadığı bu sammitə nüvə ölkəsi olan Pakistanın da qatılmaqdan imtina etməsinin nə kimi səbəbləri ola bilər?
Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Pakistanın demokratiya sammitinə qatılmayacağı ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirirsə, bunu İslamabad tərəfindən atılan çox düzgün və cəsarətli addım kimi qiymətləndirmək lazımdır: ”Son dövrlər ABŞ-la Pakistan arasındakı münasibətlərdə ciddi problemlər yaranmışdı. İlk növbədə Pakistanın İrana qarşı tətbiq olunan sanksiyalara qoşulmaması ciddi narazılığa səbəb olmuşdu. Hətta Tramp təəssüflənirdi ki, Pakistana milyardlarla pul xərcləndi, yardım edildi və sonda onun heç də ABŞ-la səmimi dostluq etmədiyi məlum oldu. Sabiq prezident açıq peşmançılığını dilə gətirmişdi. Son dövrlər Türkiyə və Azərbaycanla sıx əməkdaşlıq edən Pakistan Rusiya və Çinə də yaxınlaşmaq taktikasını seçib. Hətta Çinə səfər edərkən uyğurlarla bağlı suala İmran Xan cavab verməməyə üstünlük verdi. Bununla da göstərdi ki, Türkiyə ilə yaxın olsa da, Çinlə münasibətlərə də eyni önəmi verir. Eyni sözü Rusiya ilə də bağlı demək olar. Həmin iki ölkə arasındakı əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir. Xüsusilə də hərbi sahədə bu özünü daha qabarıq göstərir. “Demokratiya sammiti” adlanan bu toplantıya Çin, Rusiya, Türkiyə, Azərbaycan kimi ölkələr də qatılmayıb. Təbiidir ki, Pakistanın bu addımı da doğru sayıla bilər. Ümid edirəm ki, bu informasiya öz təsdiqini tapacaq. Əslində Ermənistan da qatılmamalıydı. Çünki Ermənistan Rusiyanı özünə strateji müttəfiq sayır. Ayağı dolaşan kimi onun üstünə qaçırsa, Moskvanın dəvət almadığı forumdan o da imtina etməliydi. Erməni xəyanətkarlığı burada da özünü göstərir. Hesab edirəm ki, bu amil Rusiya ilə Ermənistanın münasibətlərindəki soyuqluğu bir az da artıracaq. Təbiidir ki, belə vəziyyətin yaranması bizim xeyrimizə olacaq”.
Məhəmmədəli QƏRİBLİ