Gürcüstan Cənubi Qafqazda “3+3” formatında regional əməkdaşlıq platformasının iclasına dəvət olunsa da, iclasda iştirakdan imtina edib. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Gürcüstan nümayəndələri bu tədbirə dəvət olunsalar da, onlar iştirakdan imtina ediblər”, - deyə o, bu gün brifinqdə bildirib.
M.Zaxarova xatırladıb ki, dekabrın 10-da Cənubi Qafqaz üçün “3+3” konsultativ regional mexanizminin birinci iclası keçiriləcək. Görüş xarici işlər nazirlərinin müavinləri səviyyəsində baş tutacaq. Rusiya tərəfini xarici işlər nazirinin müavini Andrey Rudenko təmsil edəcək.
Daha əvvəl Gürcüstan XİN-dən “3+3” regional əməkdaşlıq formatında iştirak etmək imkanlarının nəzərdən keçirilmədiyini bildiriblər. “Biz bu formatda iştirakı nəzərdən keçirmirik və müvafiq olaraq, Gürcüstan dekabrın 10-da keçirilməsi planlaşdırılan görüşdə təmsil olunmayacaq”, - deyə XİN-in məlumatında bildirilir.