Media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində iş aparılır. “Trend”in məlumatına görə, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov bir sıra media subyektlərinin rəhbər və nümayəndələri ilə görüşdə deyib.
Ə.İsmayılov bildirib ki, bu istiqamətdə İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi ilə görüşlər keçirilib, müzakirələr aparılıb.
O bildirib ki, bununla bağlı Vergilər Məcəlləsinə dəyişikliklər edilməsi üçün sənəd hazırlanıb. Ə.İsmayılovun sözlərinə görə, sənəd 5 il müddətində media subyektlərinə vergi güzəştlərinin tətbiq olunmasını ehtiva edir: “Media subyektlərinin həm mənfəət vergisi, həm də ƏDV-dən azad edilməsi təklif edilir. Bir sıra nazirliklərin fikirləri var və bu istiqamətdə iş aparılır. Sənəd tam hazır olduqdan sonra müzakirələrə təqdim ediləcək”, - deyə Ə.İsmayılov bildirib.
Agentlik rəhbəri bildirib ki, “Media haqqında” yeni qanun layihəsi yaxın zamanlarda Milli Məclisdə komitə və plenar iclaslarda müzakirəyə çıxarılacaq.
O deyib ki, qanun layihəsinin hazırlanması istiqamətində işlər artıq yekunlaşıb.
KOBİA ilə müzakirələrin davam etdiyini, müfaviq qurumların media sahəsinə kömək xarakterli təkliflərinin dəyərləndirilməkdə olduğunu deyən Ə.İsmayılov bildirib ki, media subyektlərinin güzəştli kreditlərdən yararlanması imkanının təmin olunması planlaşdırılır.
“Eyni zamanda MEDİA və biznes subyektləri arasında platformanın yaradılması planlaşdırılır. Mediaya dəstək layihələrinin yeni qaydaları hazırlanıb. 18 çap mediası ilə yanaşı, ilk dəfə 39 veb-sayta maliyyə yardımının göstərilməsinə başlanılıb”, - deyə Ə.İsmayılov bildirib.
Əhməd İsmayılovun sözlərinə görə, bəzi media orqanlarının feyk xəbərləri peşəkar KİV-in fəaliyyətinə mənfi təsir edir. O bildirib ki, peşəkar media subyektləri birgə səylər göstərərək bu cür mənfi halların qarşısını ala bilər: “Biz cəmiyyətimizi çaşdırıcı informasiayalardan qorumalıyıq. Peşəkar media subyektləri olaraq cəmiyyətin məlumatlılığını artırmalıyıq”.
Onlayn mediaya güzəştlər məsələsinə də toxunan Agentlik rəhbəri deyib ki, belə güzəştlərin müəyyən edilməsi üzərində müvafiq nazirlikdə iş gedir. “Xarici ölkədə yerləşən serverlərin daxili data mərkəzə yerləşdirilməsi üçün aidiyyəti nazirlikdə İşçi qrup yaradılıb” – deyən Ə.İsmayılov bildirib ki, hazırda çap mediası və onlayn mediaya dəstək göstərilir: “Biz media subyektlərinin inkişaf etməsinə dəstək göstəririk. Maddi dəstək sırf inkişafa meyilli olmalıdır. Bu maddi dəstək və vergi güzəştlərinin tətbiq olunması media subyektləri arasında rəqabətin formalaşmasına kömək edəcək. Eyni zamanda jurnalistlərin peşəkarlığının artırılması ilə bağlı da işlər gedir. İndiyə qədər keçirilən təlimlər media nümayəndələrinin peşəkarlığının inkişafına müsbət təsir göstərib”.
Agentlik rəhbəri qeyd edib ki, biznes subyektləri ilə media orqanları arasında müzakirələr keçiriləcək və bu məqsədlə Azərbaycanda fəaliyyət göstərən ən məşhur biznes subyektləri ilə razılıq əldə olunub. Ə.İsmayılov bildirib ki, görüşdə bütün media subyektləri təmsil olunacaq və reklam məsələləri, media subyektlərini və biznes subyektlərini narahat edən məsələlər müzakirə ediləcək”.
Ə.İsmayılov əlavə edib ki, Milli Mətbuat Günü ərəfəsində “Bakı Media həftəsi"nin keçirilməsi nəzərdə tutulur.
“Media haqqında” qanunda media ombudsmanı ilə bağlı məsələnin yer almadığını bildirən Əhməd İsmayılov qeyd edib ki, qanun media subyektlərini əhatə edəcək. “Media ombudsmanı bu qanunun predmeti deyil”, - deyə Ə.İsmayılov bildirib.