Paşinyan parlamentin iclasında deyib ki, Dağlıq Qarabağın yekun statusu onun müstəqilliyi demək deyil.
Paşinyan Ermənistan cəmiyyətində müəyyən təbliğat nəticəsində formalaşan “Dağlıq Qarabağın yekun statusu mütləq Qarabağın müstəqilliyini nəzərdə tutur” fikrinə “Bunu kim deyib?” – deyə sualla cavab verib.
“Artıq referendum institutu və onun tələlərindən danışmışam. Məsələn, danışıqlar prosesində Dağlıq Qarabağ azərbaycanlılarının iştirakı nəzərdə tutulurdu. Onu da diqqətinizə çatdırmaq istəyirəm ki, danışıqlar prosesində və mövcud sənədlərdə Dağlıq Qarabağ ərazisində potensial referendumun keçirilməsi heç vaxt qeydə alınmayıb. Başa düşürsüz? Bu referendumun keçiriləcəyi ərazi müəyyən edilməyib. Burada çox incəliklər var”, – deyə baş nazir izah edib.
Paşinyan Qarabağın statusu ilə bağlı referendumun keçirilməsinə niyə belə reaksiya verib?
Politoloq Əhəd Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Paşinyan bununla Qarabağın müstəqilliyi ilə bağlı xülyalardan əl çəkilməsinin zəruriliyini çatdırır: “Bildirir ki, indiyə qədər gedən danışıqlarda bu nəzərdə tutulmayıb. Həm də məsuliyyəti özündən əvvəlki hakimiyyətin üzərinə atmaq istəyir. Bundan əvvəl də demişdi ki, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü 1991-ci ildə tanıyıb. Bununla erməni əhalisini hazırlayır ki, Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul etsinlər. Başqa çıxış yolları da qalmayıb. Çünki bir il prosesi yubatmaqla gördülər ki, heç nəyə nail ola bilmirlər. Əksinə, Azərbaycan rəhbərliyi onların nəzərinə çatdırdı ki, konstruktiv olmasalar müharibədəki aqibətləri yenidən yaşana bilər. Referendumun keçirilmısi, ermənilərin statusunun müəyyənləşməsi onların xam xəyalı olub. Bu müddəalar heç bir sənəddə öz əksini tapmayıb. Paşinyan revanşistlərə mesaj verir ki, reallıqlarla barışsınlar. Azərbaycan statusla bağlı məsələnin ümumiyyətlə müzakirə mövzusu olmadığını bəyan edib. Mövcud reallıqlar Paşinyanın bu məsələ ilə bağlı düz mövqe tutduğunu şərtləndirir. Paşinyanın dediyi incəliklər budur ki, onlar bu iddiadan mütləq əl çəkməlidirlər. Əks təqdirdə daha pis aqibətlə üzləşə bilərlər”.
Ekspertin sözlərinə görə, Qarabağ erməniləri yalnız bir statusda orada yaşaya bilər, bu da Azərbaycan vətəndaşı olmaqla: “Artıq reallıqlar göstərir ki, onlar üçün ən optimal variant məhz odur. Köhnəlmiş mövzuları gündəmə gətirməklə onlar həm də vaxt udmaq istəyirlər”.
Məhəmmədəli QƏRİBLİ