Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın növbəti əsassız iddiasını rədd edib. Ermənistanın Azərbaycan tərəfindən “müharibə cinayətləri”nin araşdırılmasına dair iddiası da təmin olunmayıb.
Azərbaycanın, guya müharibə cinayətlərinin araşdırılması ilə bağlı Ermənistanın iddiasının rədd edilməsi bu ölkənin Azərbaycana qarşı digər böhtanlarının ifşa edilməsinə gələcəkdə necə imkanlar açacaq?
“...Azərbaycan üçün bir presedent təşkil edəcək”
Siyasi şərhçi Azər Həsrət hesab edir ki, BMT-nin Ədalət Məhkəməsinin Ermənistanın əsassız iddialarını rədd etməsinin gələcək üçün də xeyri böyükdür. “Əlbəttə ki, Azərbaycan özünün haqlı mövqeyini Beynəlxalq Ədalət Məhkəməsində də sona qədər müdafiə etdi. Bu baxımdan, Ermənistanın iddialarının böyük hesabla rədd edilməsi başadüşüləndir. Dünyada heç də hamı ədalətsiz deyil, tərəfli deyil, balansdan uzaq deyil. Bu baxımdan, Beynəlxalq Ədalət Məhkəməsində qəbul edilən qərarlar Azərbaycan üçün bir presedent təşkil edəcək. Eyni zamanda da dünya ölkələri üçün presedent olacaq. Ümumilikdə götürdükdə bizim mövqeyimiz haqlıdır, ədalətlidir və biz heç bir dövlətə, heç bir xalqa qarşı düşmən münasibəti bəsləmək, davam etdirmək kimi bir iddiaya sahib deyilik”.
A.Həsrətin sözlərinə görə, amma çox təəssüflər olsun ki, Ermənistan belə bir iddiaya da sahibdi, eyni zamanda özünün törətdiyi əməlləri başqasının üzərinə atmağa da iddialıdır.
“Məhz bu baxımdan, düşünürəm ki, Ermənistanın iddialarının böyük əksəriyyətinin rədd edilməsi onlara yerlərinin göstərilməsidir. Yəni Ermənistana izah edildi ki, yalan iddialarla heç bir dövlətin üzərinə getmək olmaz. Ermənistanın saxta ittihamlarının bu şəkildə ifşa edilməsi onu göstərir ki, bu ölkənin Azərbaycana qarşı gələcəkdə də irəli sürəcəyi şər-böhtan beləcə ifşa olunacaq. Məhkəmədə açıq göstərildi ki, Azərbaycan müharibə cinayəti törətməyib və müharibə cinayətini Ermənistan törədib” - deyə A.Həsrət qeyd etdi.
İradə SARIYEVA