2021-ci ilin 12 aprel tarixində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə paytaxt Bakıda Hərbi Qənimətlər Parkının açılışı olub. Hərbi Qənimətlər Parkının açılışından dərhal sonra ermənilər beynəlxalq aləmdə qara piar kampaniyasına başladılar və parkın bağlanması tələbini irəli sürdülər.
Beynəlxalq ictimiayyətdən heç bir dəstək ala bilməyən ermənilər BMT-in Ədalət Məhkəməsinə üz tutdular ki, bəlkə beynəlxalq məhkəmədə bu saxta iddia və ittihamlarına “hüquqi qiymət” verən tapılar. Amma Ədalət Məhkəməsi Ermənistanın iddiasını rədd etdi. Belə ki, Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən Ermənistanın Bakıdakı Hərbi Qənimətlər Parkının bağlanmasına dair iddiası təmin edilməyib. BMT-nin Ədalət Məhkəməsi Ermənistanın Bakıda Qənimətlər parkının ləğvi tələbini rədd etdi. BMT bununla nəyi demək istədi?
“...demək istədi ki, Azərbaycanın öz qələbəsini tarixi yaddaşa yazaraq əbədiləşdirməyə haqqı var”
“Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayev “Bakı-Xəbər”ə şərhində bildirdi ki, BMT-nin Ədalət Məhkəməsinin Azərbaycanın xeyrinə qərar çıxarması və Ermənistanın iddiasını rədd etməsi çox müsbət hadisədir: “BMT-nin Ədalət Məhkəməsinin bu qərarı bir daha Azərbaycanın qələbəsinin beynəlxalq müstəvidə təsdiq olunması deməkdir. BMT bununla demək istədi ki, Azərbaycanın 44 günlük müharibəsi haqq-ədalətin bərpası uğrunda aparılan müharibə olub. BMT bununla Azərbaycanın qələbəsini tanıdığını, dəstəklədiyini bəyan etmiş oldu. Ermənistanın Hərbi Qənimətlər Parkının bağlanması tələbini rədd etməklə demək istədi ki, Azərbaycanın öz qələbəsini tarixi yaddaşa yazaraq əbədiləşdirməyə haqqı var. Hərbi Qənimətlər Parkının varlığı da bu tarixin yaşaması deməkdir. Ermənistan bu tarixə ləkə yaxmaq istəyir və əsassız ittihamlar irəli sürür. Amma BMT-nin Ədalət Məhkəməsi sübut etdi ki, Azərbaycanın haqlı qələbəsinə heç bir qüvvə ləkə sala bilməz”.
Ş.Ağayev qeyd etdi ki, beynəlxalq məhkəmə Ermənistanın başqa iddialarını da rədd edib. Bu ölkənin “Müharibə məhbuslarının dərhal geri qaytarılmasına dair” iddiasını təmin etməyib və bununla dünyaya bildirib ki, Azərbaycanda hərbi əsir yoxdur, müharibədən sonra tutulan terrorçu qruplar var və onlar da hərbi əsir deyil, beynəlxalq kovensiyalara görə hərbi əsir sayılmırlar.
“Ermənistanın Hərbi Qənimətlər Parkının bağlanmasına dair tələbinin rədd edilməsi onu göstərdi ki, Azərbaycanın haqlı qələbəsinin tarixdə əbədiləşməsi vacibdir və bu onun haqqıdır. BMT-nin Ədalət Məhkəməsinin bu qərarı Azərbaycanın qələbəsinin beynəlxalq təntənəsidir, Ermənistanın isə məğlubiyyətinin göstəricisidir. BMT bununla haqqın-ədalətin yanında olduğunu göstərmiş oldu. Hesab edirəm ki, növbəti məhkəmələrdə də Azərbaycan qələbə qazanacaq”- deyə Ş.Ağayev qeyd etdi.
İradə SARIYEVA