“UNESCO Azərbaycanın işğaldan azad edilən ərazilərinə faktaraşdırıcı missiya göndərmək üzərində işləyir. Bu barədə “Report”un sorğusuna cavab olaraq təşkilatın Mətbuat Xidmətindən bildirilib. “Hazırda Qarabağda bu missiyanın təşkili üzərində işləyirik. Ümid edirik ki, bu tezliklə mümkün olacaq, lakin hazırda lazımi şərait yoxdur. Mövzu ilə bağlı ətraflı məlumat əldə etməyə çalışırıq”, - UNESCO-dan məlumat verilib.
Xatırladaq ki, mədəniyyət naziri Anar Kərimov sonuncu çıxışlarında UNESCO missiyasının azad edilmiş ərazilərə səfəri ilə bağlı danışıqların davam etdirildiyini bildirib: "Azərbaycanın şərtləri və bu missiyanın təşkili ilə bağlı texniki detallar UNESCO-ya çatdırılıb. Məsələ ilə bağlı UNESCO qərar verməlidir. Biz onların bu məsələdə ədalətli və qərəzsiz mövqe tutmalarını gözləyirik".
UNESCO-nun “...hazırda lazımi şərait yoxdur. Mövzu ilə bağlı ətraflı məlumat əldə etməyə çalışırıq” deməsi nə deməkdi?
Azərbaycan erməni vəhşilikləri ilə bağlı UNESCO-ya həm bütün lazımi məlumatları verib, həm də missiya göndərməsi üçün şərait yaradıb, amma UNESCO yenə də bəhanəsindən qalmır.
“Ermənistanın Azərbaycan ərazisində törətdiyi bütün cinayətlər ortadadı, bütün dünya bu vəhşiliyi, vandalizmi görüb dəhşətə düşüb, UNESCO-ya başqa hansı məlumatlar lazımdır?”
Tarixçi-etnoqraf Ənvər Çingizoğlunun sözlərinə görə, UNESCO-nun bu tərəddüdləri anlaşılan deyil, çünki buna heç bir əsas yoxdur. Ə.Çingizğolunun bildirdiyinə görə, mütəmadi olaraq Azərbaycan Xarici İşlər Nazirliyi, Azərbaycanın UNESCO-dakı nümayəndəliyi, Mədəniyyət Nazirliyi, ayrı-ayrı dövlət qurumları Ermənistanın vəhşilikləri ilə bağlı UNESCO-ya müfəssəl məlumat verir. “Əsasən də, məsələ Azərbaycan Prezidenti səviyyəsində beynəlxalq ictimaiyyətin, beynəlxalq təşkilatların, başlıcası isə UNESCO-nun diqqətinə çatdırılıb. Dəfələrlə UNESCO-ya çağırış edilib ki, bölgəyə missiya göndərsin. Amma gördüyümüz kimi, UNESCO hələ də missiya göndərməyib və bəhanə edir ki, guya şərait yoxdur, mövzu ilə əlaqədar əlavə məlumat əldə etmək istəyirlər. UNESCO-nun bu bəyanatı heç cür anlaşılan deyil. Azərbaycan UNESCO-nu həmişə bölgəyə dəvət edib, bu təşkilat gəlməmək üçün bəhanə axtarır. Ermənistanın Azərbaycan ərazisində törətdiyi bütün cinayətlər ortadadı, bütün dünya bu vəhşiliyi, vandalizmi görüb dəhşətə düşüb, UNESCO-ya başqa hansı məlumatlar lazımdır? Hesab edirəm ki, UNESCO tərəddüdlərə son qoymalı, ermənipərəstlərin təsirindən çıxmalı və qətiyyətli addım atmalıdır. Açıq görsənir ki, UNESCO-nun qətiyyətli addım atmasına mane olan qüvvələr var və bu qüvvələr də bu təşkilatın daxilindədir. Azərbaycan missiya üçün hər cür şərait yaratmaqdan boyun qaçırmır, sadəcə UNESCO hərəkətə gəlməli, bəhanələri, əsassız tərəddüdləri bir kənara qoymalı və obyektivlik sərgiləməlidir”.
Ə.Çingizoğlunun fikrincə, UNESCO gec-tez Azərbaycanın azad olunmuş ərazilərinə missiya göndərəcək. Onun sözlərinə görə, UNESCO-nun dirəniş göstərib missiya göndərməməsi onun nüfuzuna ciddi zərər vurur, qurum nəhayət ki, bunun fərqində olmalıdır. Azərbaycanla UNESCO arasında çox ciddi və səmərəli əməkdaşlıq platformasının mövcud olduğunu deyən Ə.Çingizoğlu deyir ki, Azərbaycan bu təşkilatın bütün layihələrində aktiv iştirak edib, UNESCO da Azərbaycana obyektiv baxmalıdır. “UNESCO özü deyir ki, Qarabağa missiya göndərmək üzərində işləyirik. Əslində, bu missiya 30 il ərzində formalaşdırılmalı idi, amma hələ də ortada yoxdur. Bu təşkilat bütün süni tərəddüdlərə son qoymalı, qətiyyət göstərməlidir. Biz inanmaq istəyirik ki, UNESCO bütün süni tərəddüdlərə, şübhələrə son qoyub bölgəyə tezliklə missiya göndərəcək və obyektiv yanaşma sərgiləyəcək. Gözləyirik...” - deyə Ə.Çingizoğlu qeyd etdi.
İradə SARIYEVA