Prezident İlham Əliyev Quba rayonunun Qonaqkənd qəsəbəsində sakinlərlə görüşündə bildirib ki, Ermənistan da gördü, dünya da gördü, heç kim bizi saxlaya bilmədi:
“Müharibə dövründə bizi saxlamaq istəyənlər olub, kifayət qədər güclü dairələr olub, amma bizi dayandıra bilmədilər. Mən demişdim ki, bizə tarix versinlər torpaqlarımızdan nə vaxt çıxırlar, o an biz dayanmağa hazırıq. Bu gün də eyni sözü deyirəm. Amma deyirəm ki, bizə tarix versinlər Zəngəzur dəhlizi nə vaxt açılacaq və belə olan halda, heç bir problem olmayacaq. Ona görə hesab edirəm ki, həm Ermənistan rəhbərliyi, həm Ermənistan ictimaiyyəti, əhalisi bunu başa düşməlidir. Biz istədiyimizə nail olmuşuq, oluruq və olacağıq. Yaxşı olar ki, bu məsələ konstruktiv şəkildə danışıqlar yolu ilə, qarşılıqlı anlaşma yolu ilə həll olunsun”.
Prezident İlham Əliyev vurğulayıb ki, İkinci Qarabağ müharibəsi bütün dünyaya xalqımızın iradəsini, gücünü və birliyini göstərdi: “Yol boyunca, gələndə gördüm, şəhidlərin şəkilləri vurulub. Hər bir yerdə belədir, - mən son vaxtlar Qarabağ bölgəsinə tez-tez gedirəm, - kəndlərdə şəhidlərin şəkilləri vurulub. Yəni bu Zəfəri bütün Azərbaycan xalqı əldə edib”.
Prezident Zəngəzur dəhlizi ilə bağlı Ermənistana vaxtın verildiyini deyəndə nə nəzərdə tutulur? Ermənistan buna əməl etməsə nə ola bilər?
Hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu olduqca ciddi məzmunlu bir bəyanatdı: “Bilirsiniz ki, ortada üç ölkənin imzaladığı saziş var. Bu bizim gördüyümüz tərəfdi. Sazişin görünməyən tərəfləri də var. Onlar publikaya məlum olmur. Yəni səhnə arxasında gedən danışıqlar. Ermənistan bunların hər ikisini pozur. Bu gün diqtə edən tərəf Azərbaycandır. Bizim sözümüzü də diqtə olunan Ermənistana Prezident çatdırır. Ermənistan hər vəchlə bəzi qüvvələrin təhriki ilə bölgədə sülhün, əminamanlığın əldə olunmamasına çalışır. Bütün vasitələrlə çalışır ki, əldə olunan üçtərəfli razılaşmanın mahiyyətini aşağı salsın. Zəngəzur dəhlizi ilə bağlı məsələ Rusiyada da geniş müzakirə edildi və biz Putinin də mövqeyinin şahidi olduq. Belə nəticəyə gəlinir ki, Azərbaycanla yanaşı, Türkiyə və Rusiya da dəhlizin açılmasında maraqlıdır. Görünən budur ki, prosesin qarşısını heç bir güc ala bilməyəcək. Problem bundadır ki, Ermənistanda olan revanşist qüvvələr hakimiyyətə konstruktiv olmağa imkan vermir. Bu, sadə erməni xalqına nəsə vermir və bunu əhali yaxşı dərk edir. Mənə elə gəlir ki, Paşinyan nisbətən yumşaq düşünür, ona Balasanyan kimi quldurlar şərait yaratmır. Prezident ilk növbədə onlara etməli olduqlarını başa salır. İkinci növbədə isə onlara konkret izah etdi ki, könüllü eləməsələr, zorla buna nail olacağıq. Biz torpaqlarımızı da belə istəyirdik. Uzun müddət səbr etdik ki, sülhlə olsun. Sonunu gördünüz. Belə yolu tutsalar 44 günlük müharibədə yaşadıqları aqibət onları Zəngəzurda da gözləyəcək. Bölgəyə təsir imkanları olan ölkələrin heç birinin arasında Zəngəzur dəhlizi ilə bağlı fikir ayrılığı yoxdur. Ermənistan bu xəbərdarlıqdan ciddi nəticə çıxarmalıdır. Elə etsinlər ki, bu dəfə də başlarına “dəmir yumruq” dəyməsin”.
Məhəmmədəli QƏRİBLİ