Türkiyəli iş adamı, media maqnatı, sabiq millət vəkili və dövlət naziri olmuş Cavit Çağlar ölkəsi ilə Rusiya arasında savaşın qarşısını aldığını iddia edib. O, irəli sürdüyü iddia ilə bağlı əlavə detal səsləndirməyib. 2015-ci il noyabrın 24-də Rusiyaya məxsus SU-24 döyüş təyyarəsinin Suriya istiqamətindən Türkiyə sərhədlərini pozduqdan sonra türk “F-16”ları tərəfindən vurulması nəticəsində bir rus pilot həlak oldu. Bu hadisə Rusiya tərəfindən şiddətlə qarşılanmış, iki ölkə arasında gərginliyi artırmışdı.
Çağlar həmin vaxt Prezident Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında vasitəçilik etdiyini bildirib:
“Hulusi Akarla yaxşı dostluğumuz var. Biz o vaxtdan dostuq. Mənə dedi ki, vəziyyət çox pisdir, hər an üz-üzə gələ bilərik. Onda dedim ki, həll edərik. Məndən bunu necə həll edəcəyimi soruşdu. Bundan sonra Rusiyaya getdim. Bu haqda daha çox danışmaq istəmirəm. Hulusi Akar mənim köhnə dostumdur. Mənim Rusiyada da çoxlu dostlarım var. Mən dostluğa çox dəyər verirəm”.
Cavit Çağlar 2017-ci ildə Rusiya Prezidenti Putin tərəfindən “Dostluq” ordeni ilə təltif edilib.
Qeyd edək ki, siyasi və mətbu dairələrdə həmin münasibətlərin normallaşmasında İlham Əliyevin uğurlu vasiytəçilik etdiyinə dair çoxsaylı fikirlər səslənib. O halda Cavit Çağların fikirlərini nə dərəcədə əsaslı saymaq olar?
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, həmin adamı tanıyır: “Bir dəfə onunla Türkiyənin populyar kanallarının birində siyasi verilişdə qonaq olmuşuq. İki saat ərzində Azərbaycan-Türkiyə münasibətlərinin müzakirəsinin aparıldığı verilişdə onun necə adam olduğunu öyrənə bildim. Bu adam şişirdilmiş formada danışmağı sevir. Özünə çox güvəndiyini nümayiş etdirir. Başqalarının sözünü istənilən vaxt kəsir. Mənim xatirimdə bu adam faktları şişirtməyi sevən, özünə çox vurğun olan adam kimi qalıb. Rusiyanın hərbi təyyarəsi vurulandan sonra çox gərgin münasibət yaranmışdı. Həmin münasibətlərin qaydaya salınması istiqamətində qollarını ilk çırmalayıb ortaya düşən iki adamı gördük. Biri Prezident İlham Əliyev idi, digəri isə Qazağıstanın sabiq prezidenti Nursultan Nazarbayev. Dediyiniz bu adam da Qazağıstanda çox olur. Orada olan universitetlərdən birinin təsisçiləri sırasındadır. Onun Putinə birbaşa çıxışı ola bilməz. Demirəm ki, bəlkə Nazarbayevlə müəyyən şəxsi münasibətləri ola bilər. Bunu Rusiyadakı mənbələr də etiraf edib ki, münasibətlərin normaya salınmasında bu iki prezidentin müstəsna xidməti olub. Bu səviyyədə vasitəçiliyi belə xırda-para adamlar edə bilməz. Onun səmimiyyətinə qəti inanmıram. Görünür, indi də özünü bu yolla reklam etmək istəyib. Burada söhbət hansısa şirkətlərin arasında olan münasibətlərin tənzimlənməsindən getmir ki, hər yerindən duran dövlətləri barışdırmaq gücündə olsun. Bu məsələdə sonuncu akkord MDB ölkə başçılarının həmin vaxt keçirilən toplantısında vuruldu. Həmin tədbirdə İlham Əliyev və Nazarbayev Putindən “hə” cavabını ala bildilər. Münasibətlərin tənzimlənməsində bu iki siyasi liderin misilsiz vasitəçilik səyi olub. Bilirsiniz, bunlar o qədər də uzaq olmayan keçmişdə yaşanan siyasi hadisələrdi. Yaxın keçmişdə yaşanan tarixi faktları təhrif etmək asan deyil”.
Məhəmmədəli QƏRİBLİ