Helikopter qəzasına medianın yanaşmasına ən dəqiq qiyməti Hikmət Hacıyev verdi - sosial şəbəkə başqa, media başqa…

Müşfiq Ələsgərli: “Hikmət Hacıyevə təşəkkür edirik ki, rəsmi şəxs olaraq bu ayrıntıları ifadə etdi, medianı hədəf seçənlərə öz nitqlərində korrektələr etmək üçün istiqamət verdi”

img

Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev noyabrın 30-da baş vermiş helikopter qəzası barədə rəsmi məlumatın gec açıqlanması barədə suala cavabında bildirib ki, Azərbaycanda dövlət səviyyəsində kommunikasiya məsələlərinə böyük əhəmiyyət verilir.

H.Hacıyev bildirib ki, ictimaiyyətin vaxtında operativ məlumatlandırılması istiqamətində zəruri səylər göstərilir: “Müharibə dövründə olan təcrübəmiz, Silahlı Qüvvələrin fəaliyyəti ilə əlaqədar məsələlərlə bağlı dövlət kommunikasiyasının həyata keçirilməsi tədbirlərinin təcrübəsi də bunu göstərir. Bəzi hallarda bu kimi hadisələr baş verdiyi təqdirdə müəyyən ciddi araşdırma, yoxlamalara ehtiyac olur. Ciddi araşdırmalar aparılaraq ictimaiyyətə səhih, dolğun məlumatlar verilməsi başlıca şərtlərdən biridir. Nəzərə almaq lazımdır ki, bu kimi hallarda insan həyatından danışırıq. Ailələrə doğru məlumat vermək lazımdır. Təəssüf edirəm ki, bəzən sosial şəbəkələrdə rəsmi məlumat gəlməmiş hansısa insanların adı verilir. Bu, ailələr üçün travma ola bilər. Bəlkə ad, təvəllüd düzgün verilməyib? Bəlkə də faciənin iştirakçısı olmayan insan haqqında məlumat verilib? Bunun ailələr üçün böyük travma ola biləcəyini nəzərə almalıyıq. Həm də ictimaiyyəti çaşdıra bilər. Bir tərəfdən başa düşürük ki, aidiyyəti qurumlar tərəfindən operativ kommunikasiyanın həyata keçirilməsi, ilkin məlumat formasında olsa da kommunikasiyanın təmin olunması vacib şərtdir. Digər tərəfdən, ictimaiyyət olaraq strateji səbr göstərməyimiz vacib hallardan biridir. Bu xüsusda qeyd etmək istəyirəm ki, Azərbaycan mediası tərəfindən peşəkarlıq göstərildi. Media tərəfindən dəqiqləşdirilməmiş məlumatların verilməsinin qarşısı alındı. Amma sosial media məkanında, təəssüf ki, bunun şahidi olmadıq. Cəmiyyət olaraq, media məkanında fəaliyyət göstərən insanlar olaraq, bu məsələlərə maksimum həssas yanaşmamız vacibdir”.

Göründüyü kimi, Hikmət Hacıyev media ilə sosial şəbəkə istifadəçilərinin fəaliyyətini fərqli aspektdən təsnifatlandırıb. Bəzi dövlət qurumları və rəsmiləri isə informasiya sahəsində yol verilən nöqsanlarla bağlı  açıqlamalarında sosial şəbəkələrdə buraxılan səhvləri də medianın ünvanına qınaq kimi yazırdılar. Bu baxımdan, Hikmət Hacıyevin sahələri fərqləndirən yanaşmasını doğru təsbit saymaq olarmı?

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti  Müşfiq Ələsgərli  “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ənənəvi və ya peşəkar adlandırdığımız  KİV qurumları  həm nəzəri təsnifatda, həm də praktik fəaliyyətdə sosial media komponentlərindən fərqlənirlər: “Ənənəvi, peşəkar KİV-in əsas devizi dəqiqlik, obyektivlikdirsə, sosial media platformasının mahiyyəti sərbəst fikir paylaşımıdır. Sərbəst fikir dəqiq də ola bilər, qeyri-dəqiq də. Bu fərqlilik gündəlik fəaliyyətdə, praktiki işdə daha qabarıq formada ortaya çıxır. İstifadəçilər bəzən sosial şəbəkə platformalarının verdiyi sərbəstlikdən həm də manipulyasiya məqsədilə istifadə edirlər. Qəbul olunur ki, sosial media texnologiya olaraq informasiya manipulyasiyaları üçün geniş imkanlar yaradır.

Təəssüf ki, Azərbaycanda media adına söz danışanların əksəriyyəti bu fərqlilikləri ya bilmir, ya da nəzərə almaq istəmirlər, sosial mediada manipulyasiyaları nümunə olaraq götürüb, ümumilikdə medianı, peşəkar KİV-i də hədəf seçirlər. Hikmət Hacıyevə təşəkkür edirik ki, rəsmi şəxs olaraq bu ayrıntıları ifadə etdi, medianı hədəf seçənlərə öz nitqlərində korrektələr etmək üçün istiqamət verdi. Bu, peşəkar media nümayəndələrinin fəaliyyətinin qiymətləndirilməsi baxımından əhəmiyyətli jestdir. Diqqət yetirsək görərik ki, Azərbaycan üçün mühüm məqamlarda Azərbaycanın peşəkar media qurumları hər zaman dövlətin yanında olublar. Belə anlarda peşəkar KİV-lərimiz məlumatlandırma funksiyasını yerinə yetirməklə yanaşı, həm də sosial media vasitəsilə informasiya məkanımıza ötürülən təxribatların zərərsizləşdirilməsinə yardım, milli təəssübkeşlik göstəriblər. 44 günlük Vətən müharibəsi də daxil olmaqla, bütün digər hadisələr zamanı, o cümlədən helikopter qəzası zamanı  Azərbaycanın KİV qurumları məhz bu cür peşəkarlıq və təəssübkeşlik göstəriblər”.

Məhəmmədəli QƏRİBLİ

Peşə etikası

Son xəbərlər