Bir neçə gündür ki, Azərbaycanla Ermənistan sərhədində - Zəngəzur bölgəsindəki Qaragöl yaxınlığında gərginlik yaşanır. Ermənistan Azərbaycan hərbçilərinin sərhədi pozduğunu, Azərbaycan isə beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa etdiyini deyir.
Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Ermənistan Təhlükəsizlik Şurasının iclasında "mayın 14-dən Ermənistan ərazisinə müdaxilə edən bəzi Azərbaycan hərbçilərinin respublika ərazisini tərk etdiyini, lakin ümumən mayın 12-dən yaranmış hərbi-siyasi vəziyyətin dəyişməz qaldığını” deyib. Bəllidir ki, Ermənistandakı seçki təbliğatı fonunda belə dezinformasiyalar dövriyəyə məqsədli şəkildə buraxılır. Ermənistan, eyni zamanda, vəziyyəti daha da gərginləşdirmək üçün sərhədlərin dəqiqləşdirilməsilə bağlı atılan addımları beynəlmiləlləşdirməyə çalışır. Maraqlıdır ki, onlar bununla bağlı bir-biri ilə alternativ mövqedə olan iki hərbi blokdan dəstək istəyib. Əvvəl KTMT-yə, sonra isə NATO-ya müraciət edən Ermənistan onların heç birindən müsbət cavab ala bilməyib. Bəllidir ki, KTMT-yə müraciət etməkdə Ermənistanın başlıca niyyəti Rusiyanı prosesə qoşmaqdır. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ermənistan-Azərbaycan sərhədində yaranmış vəziyyətlə bağlı "ehtirasların qızışdırılması üçün" səbəb yoxdur, Moskva demarkasiya işində Yerevana və Bakıya kömək etməyə hazırdır. Ancaq maraqlıdır ki, bu cür həssas cavabla kifayətlənməyən Ermənistan rəhbərliyi növbəti ümidi NATO qapılarında axtarmağa başlayıb. Görünür, Ermənistanı idarə edənlər tam ağlını itirib. NATO Rusiyanın yedəyində olan KTMT üzvü Ermənistana hansı köməyi edə bilər?
Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu fakt Ermənistanda normal idarəetmənin olmadığına əyani sübutdur:
“Ermənistan bundan əvvəl də tez-tez yiyələrini dəyişməyə cəhdlər edib. Bütün bunlar həm də ənənəvi erməni xislətindən qaynaqlanır. Ancaq tarixdə etdikləri bu cür satqınlıqlarına görə hər zaman da zərbələr alıblar. Görünür, bundan lazımınca dərs çıxarmayıblar. Əks təqdirdə belə davranışlarına son qoyardılar. Ermənistan, hətta öz hərbi müttəfiqi sayılan KTMT-dən istədiyi cavabı ala bilmədi. Bu ölkə anlamır ki, belə ucuz şoulara görə həmin ölkələr və qurumlar Azərbaycana qarşı düşmən mövqeyi tutan deyil. Bunun üçün heç əsas da yoxdur. İki ölkənin arasında sərhədlərin dəqiqləşməsi gedir. Ancaq Ermənistan bunu öz ərazisinə təcavüz kimi qələmə verməyə çalışır. Təəssüf ki, Makron kimi Avropanın bəzi liderləri bu məsələdə Ermənistana açıq dəstək verməyə çalışır. Ancaq biz görürük ki, bunların heç bir faydası yoxdur. Bir-birinə qarşı barışmaz və tərs mövqedə olan müxtəlif hərbi bloklardan eyni anda dəstək istəmək isə yalnız ermənilərə xas xislət ola bilər. Təbiidir ki, NATO Rusiya ilə açıq hərbi ittifaqda olan ölkəyə heç bir dəstək verməz. Bundan əlavə, NATO ilə Azərbaycanın çox yaxşı münasibətləri var. Biz NATO-nun antiterrorla mübarizə üçün yaratdığı sülhməramlılarla bağlı prosesdə yaxından iştirak edirik. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin NATO baş katibilə keçirdiyi səmimi görüş və müzakirə edilən mövzulardan göründü ki, hərbi alyans bizimlə daha dərindən əməkdaşlıq etməyə hazırdır. Ermənistan 44 günlük müharibədə elə psixoloji zərbə alıb ki, onun rəhbərləri nə etdiklərinin fərqində belə deyillər”.
Məhəmmədəli QƏRİBLİ