Düşmənin qisas tələsi - Hafiz Təmirov yazır

Minalanmış ərazilər ölüm saçır

img

Müxtəlif bəhanələr, dəyişən adlar və rəqəmlər. Sonunda  peşimanlıq, kəsilən əllər, ayaqlar və ölüm. Edilən xəbərdarlıqlar nə üçün qulaqardına vurulur? Görəsən bəziləri  qadağaları çeynəməklə,  tabesizlik göstərməklə cəmiyyətə pis nümunə olduqlarının fərqindədirlərmi?. Dövlət ən sərt cəza tərbirlərimi tətbiq eləsin?

Müharibədən yenicə çıxmış və yüzlərlə əsgəri Vətən savaşında yaralanmış, şəhid olmuş dövlətin bir çox qurumlarının, o cümlədən hüquq mühafizə orqanlarının fəaliyyətinə qanunsuz davranışları ilə maneçilik törədənlərin aqibətini saytların, qəzetlərin manşetində gördük. Kədərləndik də, heyfsləndik də, qınadıq da...

Vətən həsrəti, doğulduğu yurdu görmək arzusu...bu başa düşüləndir. Ancaq həyatı bahasına başa gələcək bir səfərə çıxmaqla, sağlamlığını itirməklə  doğmalarına acı yaşatmağa nə ad vermək olar?

Ötən ay Ağdamın Yusifcanlı kəndinə gedən və minaya düşən bir ailənin beş üzvünün faciəli sonluğu, Hüseynov Razi Akif oğlunun həyatını itirməsi, övladlarını edilən xəbərdarlıqlara baxmayaraq, göz görə-görə ölümün qucağına aparan ataya-Hüseynov Akif Muxtar oğluna həyat ömür boyu unuda bilməyəcəyi bir dərs verdi.

Deməli, tələblərə riayət etməyərək dinc şəraitdə həyatını itirənlərin ailə dramını yazıya almaq çətin olsa da, mənzərə çoxlarına ibrət olmalıdır. 

Gəldiyimiz qənaət budur ki, qısa zaman kəsiyinə və statistikaya nəzər salsaq dövlətin bu istiqamətdə atacağı sərt addımlara haqq qazandırmış olarıq: müvafiq dövr ərzində işğaldan azad olunmuş ərazilərə 1321 nəfər keçməyə cəhd göstərib ki, onlardan da 100 nəfər inzibati qaydada həbs edilib, 31 nəfər barəsində cinayət işi başlanılıb.

Bu, hələ də minalanmış ərazilərə getmək arzusunda olanlara xəbərdarlıq deyilmi?

Düşmən bilirdi ki, gec-tez Azərbaycan işğalla barışmayacaq, ya sülh, ya da silah yolu ilə torpaqlarını geri alacaq. Məhz buna görə də həmin ərazilərdə keçilməz zənn etdikləri istehkamlar qurmaqla, minlərlə mina basdırmaqla düşünürdü ki, Azərbaycan əsgərinin döyüşlərdə irəliləməsinin qarşısını alacaq. Düzdür, o sədləri biz qanımız, canımız bahasına yarıb düşməni yerinə oturtduq, ona XXI əsr müharibəsinin təkcə canlı qüvvə ilə deyil, elmi-texnoloji yeniliklərlə aparıldığını başa saldıq. Şuşamızın işğaldan azad edilməsi isə Vətən savaşının kulminasiya nöqtəsi oldu. Düşmən məğlub olduğunu etiraf etdi və kapituiliasiya aktını imzalamağa məcbur oldu. Lakin düşmən məğlub olsa belə bizə müharibədən sonra da acılar yaşatması üçün işğaldan azad olunmuş ərazilərdə gözlə görünməyən tələlərinin-mina sahələrinin xəritəsini vermədi. Əslində, müharibə qanunlarına görə o bunu etməliydi. Məlum: erməni məkri, erməni kini...

Təəssüflər olsun ki, hələ də beynəlxalq aləm Ermənistanın bu istiqamətdə gedən danışıqlardakı susqunluğuna göz yumur. Yenə də ikili standartlar, yenə də “Bəlkə də qaytardılar” xülyası...

Bəzən vətəndaşlarımız sosial şəbəkələrdə jurnalistlərin, xarici ölkələrin səfirlərinin, digər rəsmi şəxslərin işğaldan azad olunmuş ərazilərə mütəmadi olaraq getmələri ilə bağlı sual ünvanlayır, doğma yurd-yuvasını görmək istəyənlərə tətbiq edilən cəzalardan şikayətçi olurlar. Əvvələ qeyd edək ki, bu müvafiq qurumlarla razılaşdırılır. Tədbirlərə gəlincə, buna,  minalardan təmizlənmiş ərazilərdə icazə verilir. Burda həm də əsas məqsəd düşmənin vandallığını dünyaya göstərməkdir...

Böyük qayıdış üçün o torpaqlarda mühüm işlərin görülməsini ləngitməmək, gecəli-gündüzlü minaların təmizlənməsində çaba göstərənlərin, eləcə də Azərbaycan Polisinin xidmətinə əngəl yaratmamaq üçün tələblərə və qaydalara hamılıqla riayət etməliyik.

Sözardı: Bir müddət öncə Füzuli rayon sakinlərinin (adlarını çəkməyi lüzum görmürəm) o torpaqlara sərxoş vəziyyətdə getmələrini, mənim kimi bəlkə də çoxları qınadı. Onların həyatı təhlükəsi öz yerində, ancaq igid oğullarımızın qanı tökülən, göylərində şəhid ruhlarının sevindiyi o müqəddəs yurd yerlərinə sərxoş vəziyyətdə getmək günahların ən böyüyüdür. 

Hafiz Təmirov,
polis polkovnik-leytenantı

Son xəbərlər