Ermənistan dövlət elitasında Azərbaycana möhtaclığın açıq tərəfdarları artır - Sarkisyan Tiflisdə…

img

Ermənistan həm Gürcüstanla, həm də Azərbaycanla siyasi, diplomatik, iqtisadi münasibətlərin inkişafına ehtiyac duyur. Erməni KİV-nin verdiyi məlumata görə, bunu Ermənistan prezidenti Armen Sarkisyan Gürcüstana səfəri zamanı deyib.

O bildirib ki, hazırda dalanda olan Ermənistan nəqliyyat yollarının açılmasında maraqlıdır: "Amma bəzi çətinliklər mövcuddur. Yolların açılmasından əvvəl çoxlu addımlar atılmalıdır. Amma Ermənistanın həm Gürcüstanla, həm də Azərbaycanla daha fəal siyasi, diplomatik, iqtisadi münasibətlərin inkişafına ehtiyacı olduğu faktdır".

Qeyd edək ki, müharibədən dərhal sonra Ermənistan prezidenti kommunikasiyaların bərpası ilə bağlı tamamilə fərqli mövqe nümayiş etdirirdi. Ermənistan siyasi elitasında Azərbaycana möhtaclığın tərəfdarlarının çoxalması nə ilə bağlıdır?

 “Real şərait onları Azərbaycana möhtac olduqlarını açıq etirafa vadar edir”

Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan rəhbərliyinin bir-birilə uzlaşmayan açıqlamalarla çıxış etməsi artıq adət halını alıb: “Əvvəl Paşinyan Zəngəzur dəhlizinin açılması ilə bağlı müəyyən şərtlərinin olduğunu deyirdi. İki gün əvvəl Moskvada erməni əsilli hüquqşunaslarla keçirilən görüşdə Zəngəzur dəhlizinin onlara böyük faydasının olacağını bəyan edib. Maraqlı olan budur ki, bu mövqe onun gizli səs yazısının ictimailəşməsindən sonra ictimaiyyətə məlum olub. Yəni Paşinyan bunu publik olaraq bəyan etməkdən çəkinir. İndi də həmin ölkənin prezidenti bir-birinə zidd açıqlama ilə çıxış edib. Bir tərəfdən Azərbaycanla kommunikasiyaların bərpasının onlar üçün həyati əhəmiyyət daşıdığını deyir, digər tərəfdən isə bununla bağlı müəyyən şərtlər irəli sürür. Mən digər erməni media resurslarında bu şərtə rast gəldim. O hesab edir ki, əlaqələrin bərpası Türkiyənin qondarma soyqırımı qəbul etməsindən, Azərbaycanın isə saxladığı terrorçuları geri verməsindən sonra mümkündür. Kommunikasiyaların bərpası doğrudan da Ermınistan üçün həyati əhəmiyyət kəsb edir. Erməni siyasilərin hamısı bunu gözəl dərk edir. Bunlar heç bir şərt irəli sürmədən mümkün olacaq. Sadəcə, erməni siyasilər bununla ənənəvi erməni xislətlərini ortaya qoymaq istəyirlər.  Real şərait isə onları Azərbaycana möhtac olduqlarını açıq etirafa vadar edir”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər