Paşinyan İlham Əliyevlə razılaşmanı icra etmir... Rusiya mediasından maraqlı versiya...

Ramil Hüseynov: “Paşinyan yaxşı bilir ki, Ermənistanın nicatı qonşularla normal münasibətlərdən keçir”

img

Ermənistanın “Qraparak” nəşri Rusiyadakı mənbələrinə istinadən diqqətçəkən informasiya yayıb. Adıçəkilən nəşr yazır ki, Nikol Paşinyan İlham Əliyevə verdiyi vədləri yerinə yetirmədiyi üçün Bakı “əsirləri (diversantları) qaytarmır.

Erməni nəşri bunu belə əsaslandırır: “Ortada iki məsələ var. Birincisi, erməni qoşunlarının Qarabağ ərazisindən çıxarılmasıdır. Bu məsələ artıq həll olunmaqdadır, ona görə tələb kimi əhəmiyyətini itirib. İkinci məsələ Tavuşla bağlıdır (Qazaxın 7 kəndinin geri qaytarılması). Mənbənin məlumatına görə, kəndlərin qaytarılması ilə bağlı şifahi razılaşma 11 yanvar Moskva görüşündə əldə olunub. Lakin Paşinyan seçki ərəfəsində bunu etmək istəmir”.

Belə məlum olur ki, Paşinyan əvvəlcədən verdiyi bəzi vədləri yerinə yetirmədiyi üçün diversantlar məsələsində razılıq əldə olunmur. Əslində, indiki şəraitdə diversantların heç olmasa bir hissəsi geri qaytarılsa, bu, seçkilərdə Paşinyanın xeyrinə işləyəcək. Ancaq məsələ ondadır ki, Paşinyan hansısa güzəştlərin məhz indiki məqamda onun əleyhinə işləyəcəyindən ehtiyat edir. Xüsusən də revanşistlərin bundan uğurla istifadə edə biləcəklərindən çəkinir.

Bütün hallarda, Rusiya mənbələrinin sözügedən versiyasını ekspertlər necə dəyərləndirirlər?

  • “Seçkidə qələbə qazansa, bunu açıq şəkildə bəyan edəcək”

Məsələyə münasibət bildirən Yeni Yol Partiyasının sədri Ramil Hüseynovun sözlərinə görə, seçki məsələsinə görə Paşinyanın bəzi vədlərdən indiki məqamda yayınması real görünür: “Əvvəla Paşinyan hakimiyyətə gələndə yaxşı bilirdi ki, əvvəlki danışıqlar yolunu tutmaqla problemin həlli mümkün deyil. Bu, Ermənistanın təcrid vəziyyətində qalmasının davam etməsi demək idi. Onu da yaxşı bilirdi ki, xoşluqla kim əraziləri qaytarsa, hakimiyyətdə qala bilməyəcək. Ən azından, sabiq prezident Levon Ter-Petrosyanın 1997-ci ildə “Mərhələli həll” variantına razı olmasının nə ilə nəticələndiyini yaxşı bilir. Ona görə də Paşinyan şüurlu şəkildə danışıqlarda ritorikanı sərtləşdirdi ki, Azərbaycan güc yoluna əl atsın. Bununla, bir növ, danışıqlarda barışmaz mövqe tutanları fakt qarşısında qoydu. Nəticədə Azərbaycan işğal altında olan əraziləri güc yolu ilə azad etdi. Ermənistan cəmiyyəti gördü ki, Azərbaycan 1994-cü ildəki dövlət deyil. Bütün bunlar həm də regionda kommunikasiya xətlərinin açılması üçün yeni imkanlar açdı. Paşinyan yaxşı bilir ki, Ermənistanın nicatı qonşularla normal münasibətlərdən keçir. Başqa bir tərəfdən, diqqətçəkən məqam odur ki, 44 günlük müharibədən sonra Qarabağla bağlı Paşinyan məsuliyyəti Rusiyanın üzərinə qoymağa çalışır. Sülhməramlıların Qarabağda bu və ya digər formada artan canfəşanlığı bunu deməyə əsas verir. Azərbaycanın əsas istəyi Ermənistan qoşunlarının Qarabağdan çıxarılması ilə bağlıdır. Hesab edirəm ki, Paşinyan seçkidə qələbə qazansa, bunu açıq şəkildə bəyan edəcək”.

Partiya sədri hesab edir ki, iyunun 20-dən sonra bir sıra məsələlərə tam aydınlıq gələcək.

Vidadi ORDAHALLI

Son xəbərlər