Köçəryanı Rusiyanın "böyük dostuna" çevirən mətləblər - yəqin söhbət son 30 illik tarixin məlum gizlinlərindən gedir...

Rəşad Bayramov: “Məhz bu amilin dəstəyilə Köçəryanın rəhbərliyi altında Azərbaycanın böyük əraziləri 30 ilə yaxın işğal altında saxlanıldı”

img

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Rusiyanın dostudur, onun siyasətə qayıdışı və hədəfləri ilə bağlı istəklərini Prezident Vladimir Putinlə əlaqələndirmək absurddur”.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, Ermənistandakı siyasi proses iştirakçılarının qərarlarını Rusiya prezidenti ilə əlaqələndirməyə ehtiyac yoxdur: “Bu, məsələnin tamamilə absurd ifadəsidir. Robert Sedrakoviçin özü, əlbəttə ki, Rusiyanın böyük dostudur. Rusiya Federasiyası ilə əməkdaşlığın daha da inkişaf etdirilməsinin və möhkəmləndirilməsinin tərəfdarıdır. O, ölkəsinin inkişafı üçün çox səy göstərən bir insandır və ümumilikdə qeyd etməkdən məmnunuq ki, erməni siyasətçilərinin böyük əksəriyyəti ölkəmizlə, Rusiya ilə əlaqələrin daha da gücləndirilməsinin tərəfdarıdır. Bu bizim üçün əsas amildir”.

O, baş nazir Nikol Paşinyanın da bu tip siyasətçilərə aid olduğunu bildirib: “Biz onun müvafiq açıqlamalarını rəhbər tuturuq. Bilirsiniz ki, onunla Rusiya prezidenti arasında çox fəal bir dialoq gedir. Qarabağda müharibəyə son qoyan üçtərəfli sənədin imzalanmasından əvvəl nə qədər zəhmət çəkdi. Buna görə bu münasibətlər, həqiqətən də, çox dəyərlidir”.

Bundan əvvəl Ermənistanın keçmiş prezidenti Robert Köçəryan yenidən ölkədəki ən yüksək vəzifəni tutmağa hazır olduğunu bildirib.

Maraqlıdır, Köçəryan nələrin hesabına Rusiyanın böyük dostu olub? Bu böyük dostluğun Azərbaycana hansı fayda və ya ziyanları dəyib?

Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiya prezidenti köməkçisinin bu açıqlamasında ikibaşlı mövqe var: “İş burasındadır ki, Rusiya Ermənistandakı proseslərə ciddi nəzarət edir. Onlar prinsip etibarı ilə Paşinyanın hakimiyyətdə qalmasını istəmirlər. Yəni seçim olsa, Rusiya Paşinyandansa Köçəryanın ölkəyə rəhbərlik etməsini istər. Ancaq indiki məqamda Paşinyanın devrilməsi planına da start verə bilmirlər. Çünki Ermənistan daxilindəki güc nisbəti Paşinyanın tərəfindədir. Son yürüş bunu bir daha göstərdi. Paşinyanın son əzələ nümayişi əslində Rusiyaya bir mesaj idi ki, onun devirilməsilə bağlı bütün layihələri qoysun kənara. Rusiya üçün indiki məqamda Paşinyanın hakimiyyətdə qalması çox sərfəlidir.  Çünki yalnız o, əldə olunan üçtərəfli razılaşmanın şərtlərini həyata keçirməyə qadirdi. Digər qüvvələr isə revanşist əhval-ruhiyyədədir. Köçəryan da revanşistlərdəndir”.

Politoloqun sözlərinə görə, Köçəryanla Putinin arasında şəxsi dostluq münasibətləri var: “Biz bunu Köçəryanın həbsdə saxlandığı dönəmdə gördük. Həmin vaxt Putin iki dəfə həbsxanaya məktub yazıb, Köçəryanın ad gününü təbrik etdi. Köçəryan Qarabağda separatçılığı başladan adamlardandır. Onun bütün karyerası müharibə ilə bağlıdır. Məhz Rusiyanın dəstəyilə uzun müddət separatçı rejimə rəhbərlik etdi. Ordan da Ermənistan hakimiyyətinə yolu açıldı. Onun Rusiya ilə yaxınlığının bizə böyük ziyanı olub. Məhz bu amilin dəstəyi ilə Köçəryanın rəhbərliyi altında Azərbaycanın böyük əraziləri 30 ilə yaxın işğal altında saxlanıldı. Ölkəmizin iqtisadiyyatına milyardlarla ziyan dəydi. Köçəryan həm də hərbi cinayətkardı. Onun əli dinc azərbaycanlıların qanına batıb. Xocalı qatillərinə məhz Köçəryan rəhbərlik edib”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər